Moskvada polis reydində saxlanılan gənclər döyüldüklərini deyir, bəzilərinə orduya çağırış vərəqəsi verildiyi bildirilir

Arxiv foto: Moskvada polis, 2021. Sergey Korneev, CC BY-SA 4.0, Wikimedia Commons
10-11-2026 19:14

Moskvanın mərkəzində alternativ gənclərin toplaşdığı yerə polis reydi zamanı aralarında uşaqlar da olmaqla yüzlərlə adamın saxlanıldığı bildirilir. Saxlanılanların dəqiq sayı göstərilmir.

Azadlıq Radiosunun “Nastoyaşeye Vremya” telekanalı xəbər verir ki, saxlanılanlar döyüldüklərini, onlara su verilmədiyini və tualetə buraxılmadıqlarını deyirlər. Yetkinlərin bir qisminə orduya çağırış vərəqəsi verildiyi, bəzilərinə isə hərbi xidmət üçün müqavilə imzalamaq barədə təzyiq göstərildiyi bildirilir.

Polis reydi “profilaktik əməliyyat” adlandırıb. Reyd Rusiyanın Ukraynada müharibəni davam etdirdiyi və orduya yeni adamlar cəlb etməyə çalışdığı vaxta təsadüf edir.

Moskvada gənclərə qarşı bu tipli əməliyyatlar barədə son aylarda başqa xəbərlər də yayılıb. “The Moscow Times” saytı noyabrın 1-də təhlükəsizlik orqanlarının şəhərin mərkəzində Xellouin qeyd edən bir neçə nəfəri saxladığını yazmışdı. “Novaya Qazeta Yevropa” isə iyulda Kitay-Qorod rayonunda polis patrullarının artdığını, sosial şəbəkələrdə qeyri-formal gənclərə qarşı reydlərdən şikayət edildiyini bildirmişdi.

Digər xəbərlər