İşsizlikdən sığorta fondu gələn il işsizlik ödənişlərinə aparatın saxlanmasından iki dəfə az pul xərcləyəcək

Foto: Tony Bowden, CC BY-SA 2.0, Wikimedia Commons
14-11-2026 14:48

Dövlət İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi haqqında qanun layihəsinə görə, fondun xərcləri 319,2 milyon manat olacaq. Layihə noyabrın 16-da Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Bu məbləğin cəmi 36 milyon manatı, yəni təxminən 11,3 faizi işini itirənlərə verilən sığorta ödənişlərinə ayrılır. Müvafiq dövlət orqanının aparatının, idarələrinin, filiallarının və tabe qurumlarının saxlanmasına isə 75 milyon manat nəzərdə tutulub.

Ən böyük xərc maddəsi 113 milyon manatla özünüməşğulluq proqramıdır. 50 milyon manat əhaliyə sosial xidmətlərin birgə maliyyələşdirilməsinə, 27,3 milyon manat peşə hazırlığı və əlavə təhsilə, 7 milyon manat sosial iş yerlərində əmək haqqının bir hissəsinin ödənilməsinə, 3,8 milyon manat isə ödənişli ictimai işlərə gedəcək.

Fondun gəlirləri 268,9 milyon manat proqnozlaşdırılır, qalan 50,3 milyon manat ilin əvvəlinə istifadə olunmamış vəsaitdən götürüləcək. Gəlirlərin əsas hissəsi işsizlikdən sığorta haqlarıdır: 207,6 milyon manatı qeyri-dövlət sektorundan, 59,6 milyon manatı isə büdcədən maliyyələşən təşkilatlar və onların işçilərindən gözlənilir.

Digər xəbərlər