Banklarda artıq qalan pul 6,2 milyard manata çatıb, Mərkəzi Bank not satışını beş dəfədən çox artırıb

Foto: Press Service of the President of the Republic of Azerbaijan, CC BY 4.0, Wikimedia Commons
14-11-2026 17:18

Azərbaycan Mərkəzi Bankının doqquz ay üzrə monetar göstəricilərə dair məlumatına görə, bank sektorunda struktur likvidlik profisiti sentyabrın sonunda 6,2 milyard manata çatıb. Bu, ötən ilin dekabrındakından 2,2 dəfə çoxdur. Göstərici Mərkəzi Bankın banklar qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərqi, sadə dillə desək, bank sistemində dövriyyəyə çıxmayan artıq pulu ifadə edir.

Mərkəzi Bank bu artıq vəsaitin bir hissəsini bazardan çəkmək üçün banklara qısamüddətli notlar satır. Yanvar-sentyabr aylarında 28, 84, 168 və 252 günlük notlar üzrə ümumilikdə 146 hərrac keçirilib. İyuldan təklif məbləğləri artırılıb və nəticədə not portfeli sentyabrın sonuna 1,7 milyard manata yüksəlib. Ötən ilin sonunda bu rəqəm təxminən 300 milyon manat idi.

Eyni dövrdə notların gəlirliliyi bütün müddətlər üzrə azalıb. 28 günlük notlarda gəlirlilik 6,75 faizdən 6,50 faizə, 84 günlüklərdə 6,68 faizdən 6,56 faizə, 168 günlüklərdə 6,80 faizdən 6,60 faizə, 252 günlüklərdə isə 6,85 faizdən 6,67 faizə enib.

Mərkəzi Bank artıq pulun bir hissəsini həm də 7 günlük depozit hərracları ilə çəkir. Doqquz ayda 62 belə hərrac keçirilib, orta əməliyyat həcmi 2 milyard 42 milyon manat olub. Banklar bir gecəlik depozit alətindən bütün iş günlərində istifadə edib, Mərkəzi Bankdan bir gecəlik borc götürməyə isə iş günlərinin cəmi 2 faizində müraciət ediblər.

Mərkəzi Bank bu vəziyyəti bankların öhdəliklərini vaxtında yerinə yetirə bilməsi və kredit vermə potensialının yüksək olması kimi qiymətləndirir. Bununla belə, rəqəmlər banklarda yığılan pulun böyük hissəsinin iqtisadiyyata kredit kimi çıxmadığını, Mərkəzi Bankın notlarına və depozitlərinə qoyulduğunu göstərir.

Digər xəbərlər