Hesablama Palatası: Gələn il xaricdən alınacaq 700 milyon manatlıq kreditin hansı layihələrə gedəcəyi göstərilməyib
Foto: Marco Monelli, CC BY-SA 3.0, Wikimedia CommonsHesablama Palatası 2027-ci il dövlət büdcəsinin layihəsinə verdiyi rəydə yazır ki, gələn il xarici kreditlər hesabına 700 milyon manat cəlb olunması planlaşdırılsa da, hökumətin təqdim etdiyi “Büdcə zərfi”ndə bu pulla maliyyələşəcək layihələr və onların məbləği göstərilməyib. Palatanın fikrincə, bu, nəzərdə tutulan borcun tam həcmdə cəlb edilməməsi riskini artırır.
Rəyə görə, 2027-ci ildə büdcə kəsirini örtmək üçün dövlət borclanması hesabına 2 milyard 731 milyon manat cəlb olunacaq. Bu, kəsirin maliyyələşdirilməsi mənbələrinin 86,8 faizidir.
Palata bu il borclanma planının icrasına da diqqət çəkir. 2026-cı ildə kəsirin maliyyələşdirilməsi üçün daxili və xarici borclanmadan büdcəyə 1 milyard 719,6 milyon manat daxil olacağı gözlənilirdi, amma ilin ilk doqquz ayında bu mənbədən vəsait gəlməyib. Xarici kreditlər hesabına isə 125 milyon manat daxil olub. Bu, illik proqnozun (850 milyon manat) 14,7 faizidir.
Eyni rəydə büdcə təşkilatlarının büdcədənkənar gəlirlərindən də danışılır. Gələn il bu gəlirlərin 949 milyon manat olacağı proqnozlaşdırılır, bu da builkindən 72 milyon manat (7,1 faiz) azdır. Doqquz gəlir mənbəyindən yalnız ikisində artım gözlənilir. Ən böyük artım vergi orqanlarının tətbiq etdiyi maliyyə sanksiyalarının büdcədənkənar gəlirlərə yönəldilən hissəsindədir: 2027-ci ildə buradan 297 milyon manat gözlənilir, bu il üçün proqnozdan 35 milyon manat çox.
Palata yazır ki, “aparılan təhlillər büdcədənkənar əməliyyatlar üzrə qanunvericilikdə dəyişiklik edilməsinin zəruriliyini göstərmişdir”.
Hesablama Palatası həmin rəydə gömrük daxilolmalarının bu il proqnozdan təxminən 300 milyon manat az olacağını və xarici dövlət borcunun 48,8 faizinin dəyişkən faizli öhdəliklər olduğunu da qeyd edib. Maliyyə Nazirliyi isə dövlət müəssisələrinin borc götürməsinə ortamüddətli ümumi limit qoyulacağını açıqlayıb.


