Pentaqon rəhbəri İran müharibəsinə görə ona qarşı başladılan impiçment təşəbbüsünü “sabotaj” adlandırıb

Arxiv foto: Alexander Kubitza, Public domain, Wikimedia Commons
10-11-2026 18:45

ABŞ-nin müdafiə naziri Pit Heqset noyabrın 10-da Pentaqondakı mətbuat konfransında ona qarşı irəli sürülən impiçment təşəbbüsünü “məsxərə və şou” adlandırıb. “Bu, vətənpərvərlik deyil. Bu, sabotajdır”, - deyən Heqsetin sözlərinə görə, proses ABŞ-nin düşmənlərinə “təbliğat qələbəsi” bağışlayır.

Təşəbbüsü bazar ertəsi respublikaçı konqresmen Tomas Massi səkkiz maddə ilə Nümayəndələr Palatasına təqdim edib. Maddələrin dördü İran müharibəsinə, ikisi Venesuela və Karib dənizindəki qayıqlara zərbələrə, biri 2025-ci ildə Yəmənə hava kampaniyasına, biri isə Heqsetin demokrat senator Mark Kellinin Konqres fəaliyyətinə müdaxilə cəhdinə aiddir. Demokratların rəhbərliyi təşəbbüsü dəstəkləyəcəyini deyir, Donald Tramp isə Heqseti müdafiə edir.

Massi Heqseti qanunsuz əmrləri icra etməkdə və Konstitusiyanı pozmaqda ittiham edir. Maddələrin üçü prezidentin Konqresin icazəsi olmadan müharibə aparmaq səlahiyyətini məhdudlaşdıran 1973-cü il qanununa əsaslanır. Massi İranın Minab şəhərindəki məktəbə zərbənin səhv olduğu barədə iddianı da rədd edib və ABŞ-nin hücuma hazırlaşmaq üçün aylarla vaxtı olduğunu deyib.

Heqset isə ABŞ-nin əməliyyatlarının “qanuni” olduğunu iddia edir, bunu “siyasi fikir ayrılığı” sayır. O, İran müharibəsini “tarixi hərbi qələbə” adlandırıb və müharibəni ABŞ-nin başlamadığını, “İranın onu 47 il əvvəl başladığını” deyib. Vitse-prezident Cey Di Vensin müharibənin respublikaçıların aralıq seçkilərdə məğlubiyyətinin əsas səbəblərindən biri olması barədə sözlərini isə şərh etməkdən yayınıb.

Nümayəndələr Palatası çoxluqla impiçmentə səs versə, Heqsetin taleyini Senat həll edəcək, vəzifədən kənarlaşdırma üçün üçdə iki səs lazımdır. Heqset impiçment olunsa, ABŞ tarixində 1876-cı ildə rüşvətə görə impiçment olunan Uilyam Belknapdan sonra bu aqibəti yaşayan ikinci hərbi idarə rəhbəri olacaq.

Digər xəbərlər