“Financial Times”: Avropa Rusiya ilə soyuq müharibə dövrünün raket məhdudiyyətlərini müzakirə etməyə hazırdır

Foto: Offutt Air Force Base from Bellevue, NE, United States, CC BY 2.0, Wikimedia Commons
10-11-2026 21:23

Avropa ölkələri Rusiya ilə soyuq müharibə illərində yaradılmış, sonra isə dondurulmuş hərbi münaqişələrin qarşısını alma mexanizmlərinə qayıdışı müzakirə etməyə hazırdır.

Bunu Britaniyanın “Financial Times” qəzetinə avropalı diplomatlar deyiblər. Qəzetin yazdığına görə, söhbət müəyyən növ raketlərin yerləşdirilməsini məhdudlaşdıran razılaşmalardan, həmçinin tərəflərə bir-birinin hərbi obyektlərini havadan müşahidə etməyə imkan verən “Açıq səma” müqaviləsindən gedir. ABŞ 2020-ci ildə, Rusiya isə 2021-ci ildə bu müqavilədən çıxıb.

Diplomatlar Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə gedən danışıqların irəliləyişlə nəticələnəcəyinə şübhə ilə yanaşırlar. Lakin qəzetə görə, avropalılar Ukraynanı dəstəkləmək və Avropanın təhlükəsizliyinə dair qərarların onların iştirakı olmadan verilməsinin qarşısını almaq üçün müzakirələrə qatılmağı zəruri sayırlar.

“Financial Times” yazır ki, Donald Trampın administrasiyası Moskvanı Avropa ölkələrinin danışıqlara cəlb olunmasına razı salmağa çalışır. Almaniyanın xarici işlər naziri Yohann Vadeful da noyabrın 10-da Avropanın Ukrayna danışıqlarında iştirakının qaçılmaz olduğunu deyib.

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Əbu-Dabi danışıqlarını qiymətləndirməyin hələ tez olduğunu bildirib.

Digər xəbərlər