Azərbaycanda fermerlərin tam vergi azadolmasının ləğvi təklif olunur: büdcəyə 14,1 milyon manat gözlənilir
İllüstrativ foto: Moonsun1981, CC BY-SA 3.0, Wikimedia CommonsVergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, 2027-ci il yanvarın 1-dən kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəət vergisindən tam azad olunması 90 faizlik güzəştlə əvəz edilir. Bu o deməkdir ki, fermerin qazancının 10 faizi ümumi qaydada vergiyə cəlb olunacaq. Yeni mexanizm beş il qüvvədə qalacaq.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli noyabrın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib ki, güzəştdən istifadə etmək üçün fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olmalı, gəlir və mənfəətini vergi bəyannaməsində göstərməlidir. Xidmətin hesablamasına görə, aqrar sektora aid dəyişikliklər 2027-ci ildə büdcəyə 14,1 milyon manat gətirəcək: 7,7 milyon manat mənfəət, 5 milyon manat gəlir vergisindən, 1,4 milyon manat isə digər güzəştlərdəki dəyişikliklərdən.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov məqsədin fermer təsərrüfatlarını və ilkin emal müəssisələrini elektron sistemdə qeydiyyata salmaq, məhsul və gəlirlərin daha dolğun bəyan edilməsini təmin etmək olduğunu bildirib.
10 ilə yaxındır tərəvəzçiliklə məşğul olan Vəli Tağızadə “Azadlıq Radiosu”na deyib ki, toxum, gübrə, dərman və suvarma xərcləri artıb, satış qiymətini isə fermer müəyyən etmir: “Bəzən çəkdiyimiz xərci belə güclə çıxarırıq. İndi də vergi məsələsi ortaya çıxıb”. Həmin radioya danışan iqtisadçı Toğrul Vəliyev yeni vergilərin büdcənin artan xərclərini ödəmədiyini deyir: “Yəni hərəsi 3, 4, 5, 6, lap 100 milyon manat gətirə bilər, amma büdcənin xərclərini təmin etməyə yetmir”.
İqtisadçı Akif Nəsirli mətbuata bildirib ki, əsas çətinlik verginin məbləğində yox, yeni uçot və hesabat tələblərindədir. Onun fikrincə, mühasibatlıq təcrübəsi və buna ayıracaq pulu olmayan kiçik fermerlər daha çox təsirlənə bilər, ərzaq qiymətlərinə təsir isə məhdud olacaq, çünki maya dəyərini əsasən toxum, gübrə, yanacaq, suvarma və daşınma xərcləri müəyyən edir.
Dəyişiklik 2027-ci il büdcəsindəki daha geniş xəttin bir hissəsidir. Layihəyə görə, Dövlət Neft Fondundan büdcəyə transfert 935 milyon manat azalaraq 11,9 milyard manat olacaq, Dövlət Vergi Xidməti xətti ilə daxilolmalar isə 9 faiz artaraq 18 milyard 430 milyon manata çatacaq.
Qonşu Gürcüstanda məhsulunu emal etmədən satan fermerin illik gəliri 200 min larini (131 min manat) aşmırsa, həmin məbləğ vergidən azaddır.


