Ermənistanda müxalifət təcridxanada ölən namizədə görə hakimiyyəti günahlandırır, Penitensiar Xidmət səhhətindən şikayət etmədiyini deyir
İllüstrativ foto, Stepanavan: Ji-Elle, CC BY-SA 4.0, Wikimedia CommonsErmənistanda müxalif “Güclü Ermənistan” partiyasının Stepanavan Şəhər Şurası seçkilərində siyahısına başçılıq etmiş Arsen Qevorqyanın noyabrın 10-da təcridxanada ölümündən sonra müxalifət məsuliyyəti hakimiyyətin üzərinə qoyur. Ədliyyə naziri Srbuhi Qalyan Qevorqyanın ürək tutmasından öldüyünü deyib.
Penitensiar Xidmətin sözçüsü Nona Navikyan bildirib ki, Qevorqyanın vəziyyəti pisləşəndən sonra növbətçi həkim ona ilk yardım göstərib, saat 7:55 radələrində təcili yardım çağırılıb. Onun sözlərinə görə, Qevorqyan cəzaçəkmə müəssisəsində olduğu müddətdə səhhətindən şikayət etməyib.
“OC Media” nəşrinin qiymətləndirməsinə görə, “Güclü Ermənistan” bu ölümdə Baş nazir Nikol Paşinyanı məsul tutur. “Yüzlərlə insanın əsassız yerə qaralanmasına və saxlanılmasına göstəriş verən şəxs həbsxanada növbəti müxalifətçinin ölümünə görə məsuliyyət daşıyır”, - partiyanın bəyanatında deyilir.
“Ermənistan” blokundan olan deputat Kristine Vardanyan isə məsuliyyətin həbsə göstəriş verənlə və həbs qərarı çıxaranla yanaşı, insanların sağlamlıq problemlərini ələ salan hər kəsin üzərinə düşdüyünü deyib. Onun fikrincə, səhhətinə görə həbs olunmamaq barədə vəsatətlərin lağa qoyulması saxlanılanları sağlamlıq problemlərindən danışmaqdan çəkindirə bilər.
Hüquq müdafiəçisi Daniel Ioannisyan “hərtərəfli və şəffaf” araşdırma çağırışı edib. O, Qevorqyanın xroniki xəstəliyinin olub-olmadığının və bu barədə penitensiar orqanlara məlumat verib-vermədiyinin, səhhəti pisləşəndən sonra işçilərin nə vaxt xəbər tutduğunun və hansı addımları atdığının “dəqiqəbədəqiqə” aydınlaşdırılmasını istəyib.
Qevorqyan oktyabrın 21-də, yerli seçkilərdən dörd gün əvvəl daha 13 nəfərlə birlikdə seçicilərə rüşvət paylamaq ittihamı ilə saxlanılmış, sonra barəsində iki aylıq həbs qərarı çıxarılmışdı. O, günahını qəbul etməyib.


