2027-ci il büdcəsində müdafiə və təhlükəsizliyə 8,8 milyard manat ayrılır

Azərbaycan Quru Qoşunlarının hərbçiləri, arxiv. Foto: Cpl Tatum Vayavananda, Public domain, Wikimedia Commons
11-11-2026 11:25

Milli Məclisin dörd komitəsinin noyabrın 11-dəki birgə iclasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun sözlərinə görə, layihədə müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat nəzərdə tutulub. Bu, cari ilin göstəricisindən 100 milyon manat çoxdur.

Əsgərov bildirib ki, vəsaitin bir hissəsi hərbi qulluqçuların sosial təminatına, mənzillə təmin olunmasına və kirayə kompensasiyalarının ödənilməsinə yönələcək. O, işğaldan azad edilmiş ərazilərin bərpasını və “Böyük Qayıdış”ı büdcənin prioritet istiqamətlərindən adlandırıb.

Maliyyə naziri Sahil Babayev eyni iclasda deyib ki, 2027-ci ildə sosial yönümlü xərclər 2026-cı illə müqayisədə 9,2 faiz və ya 1,6 milyard manat artacaq. Nazirin sözlərinə görə, gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat proqnozlaşdırılır, icmal büdcədə isə sosial təminat xərclərinin 12,9 milyard manat olacağı gözlənilir.

Beləliklə, layihəyə görə, müdafiə və milli təhlükəsizlik xərcləri dövlət büdcəsindəki sosial müdafiə və təminat xərclərindən təxminən 1,8 dəfə çox olacaq.

Büdcə layihəsi komitələrdəki müzakirədən sonra Milli Məclisin plenar iclasına çıxarılacaq.

Digər xəbərlər