Son dəqiqə:

"Anamı həkimlər öldürdü" - Zaqatala sakini

01-08-2015 01:46 / Bu xəbər 824 dəfə oxundu
"İndi də ölüm kağızını mənə pulla satmaq istəyirlər"

Zaqatala sakini Fazil Rəcəbov Arqument.Az-a şikayət məktubu göndərib.

O, şikayət məktubunda anasının Zaqatala Rayon Mərkəzi xəstəxanasında həkim səhlənkarlığı ucbatından öldüyünü iddia edib. 

Vətəndaş bildirir ki, xəstəxanada vəziyyət olduqca ağırdır və qanunsuzluq baş alıb gedir: "17.06.2015-ci il tarxində, təxmini saat 13:30 radələrində təcili yardım şöbəsinə zəng edib dedim ki, anamın vəziyyəti ağırlaşıb. Təcili yardım şöbəsindən mənə kobudcasına "vaxtımız yoxdur, özünüz gətirin dedilər". Qeyd edim ki, xəstəxanadan bizim evə olan məsafə təxmini 1 km-dir. Nəhayət, dəfələrlə zəng etdik, təxminən 1 saatdan sonra təcili yardım maşını gəldi. Anam  Rəcəbova  Sevil Həbibullah qızının reansimasiya şöbəsinə  yerləşdirdilər.  2 gün anam reansimasiya şöbəsində qaldı və bu müddətdə bizim 400 manatdan çox iynə-dərmana pulumuz çıxdı. Mənimlə açıq-aşkar bazarlıq edirdilər".  

F.Rəcəbovun sözlərinə görə, anası həkimlərin səhlənkarlığı ucbatından ölüb, amma bu azmış kimi xəstəxana anasının ölüm kağızını da ona satmaq istəyir: "19.06.2015-ci il tarixdə anamızın vəziyyəti yaxşıydı və biz anamızı evə aparmağa gedirdik. Biz xəstəxanaya çatdıqda anamızın rəhmətə gedtiyini dedilər. Sonradan bizə məlum oldu ki, mərhum anamızın yanına ağır yol qəzasına düşmüş xəstə yerləşdirilib. Orada olan səs-küydən mərhum anamızın vəziyyəti pisləşmiş, həkimlərin isə heç biri anamıza baxmamışdır. Beləliklə, anam həkimlərin səhlənkarlığı ucbatından vəfat etmişdir. Anamın yüksək təzyiqi, şəkəri var idi və belə xəstələrin də sakitliyə ehtiyacı var. Hələ bu azmış kimi anamın ölüm kağızını da mənə pulla satmaq istəyirlər". 

Qeyd edək ki, bu, Zaqatala Mərkəzi Xəstəxanası ilə bağlı 3-cü şikayətdir. Ötən dəfə şikayətlərlə bağlı xəstəxananın baş həkimi Leyla Seyidəliyeva ilə əlaqə saxlamış, o isə deyilənləri təkzib etmişdi. Bu gün yenidən baş həkimlə əlaqə saxlamağa çalışdıq, amma Seyidəliyeva zənglərimizə cavab vermədi.

Yazıdakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Arqument.Az

Bölmələr:



    Digər xəbərlər