Son dəqiqə:Sərhədsiz Reportyorlar İlham Əliyevi mətbuat azadlığının 33 "yırtıcısı" siyahısına salıb - 02-11-2026

Ukrayna: Rusiya işğal etdiyi Oleşkidə atəşkəsi uzatmayıb, Putinin ordusunun fasilədə ora ağır texnika gətirdiyi deyilir

Arxiv foto: ru:user:Gottinight, CC BY-SA 3.0, Wikimedia Commons
02-11-2026 15:56

Xerson vilayətinin 2022-ci ildən Rusiyanın işğalı altında olan Oleşki şəhərində dinc sakinlərin təxliyəsi üçün razılaşdırılan müvəqqəti atəşkəs noyabrın 1-də başa çatıb. Ukrayna Xarici İşlər Nazirliyi onu uzatmağı təklif etsə də, razılıq əldə olunmayıb.

AFP agentliyi yazır ki, adı çəkilməyən ukraynalı rəsmi səbəbi belə izah edib: "Ruslar istəmədilər".

Ukrayna Baş Qərargahı Rusiya qoşunlarının humanitar fasilədən mövqelərini möhkəmləndirmək üçün istifadə etdiyini bildirir. "Sky News" telekanalının jurnalisti də Ukrayna dronlarının çəkdiyi görüntülərə əsasən yazır ki, rus hərbçiləri atəşkəs bitməmiş Oleşkiyə və qonşu kəndlərə ağır texnika, silah, sursat və şəxsi heyət gətirib, yeni mövqelər üçün evləri gəzib zirzəmi axtarıblar.

Peskov buna Kiyevin də atəşkəsdən "müvafiq yenidən qruplaşma" üçün istifadə etdiyini deməklə cavab verib: "Belə vəziyyətlərdə bu, tamamilə adi təcrübədir".

Şəhərdən neçə nəfərin çıxarıldığı da dəqiq deyil. Rusiyanın insan haqları üzrə müvəkkili Yana Lantratova 750 nəfərlik yer ayrıldığını, amma "750-dən xeyli az adamın" çıxdığını, sakinlərin siyahıya yazılmaqdan qorxduğunu və adamları saymağa imkan olmadığını deyib. Bi-Bi-Si-nin Ukrayna xidməti yüzlərlə adamın həm Rusiyaya, həm də Ukraynaya təxliyə edildiyini, bunun 2022-ci ildən bəri tərəflərin dinc sakinlər üçün ilk birgə əməliyyatı olduğunu yazır.

Digər xəbərlər