Hərbi Prokurorluq: Hərbi xidmətdən boyun qaçırmanın 5 faktı üzrə cinayət işi açılıb
Hərbi Prokurorluq bu ilin iyul və oktyabr çağırışları dövründə hərbi xidmətdən boyun qaçırmanın 5 faktı üzrə cinayət işi açıldığını bildirib. İşlər Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə başlanıb, istintaq davam edir.
Söhbət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər idarəsində, İmişli rayon şöbəsində, Qobustan və Şuşa rayon bölmələrində qeydiyyatda olan çağırışçılardan gedir.
Prokurorluğun açıqlamasına görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri təqlid edir, özünə xəsarət yetirərək psixi və nevrotik pozuntu olduğunu göstərməyə çalışır, hətta tibbi göstəriş olmadan cərrahi əməliyyat etdirirlər.
Qurum bunu "məsuliyyət tədbirlərinin sərtləşdirilməsi" çərçivəsində təqdim edir və bu tədbirlərin tibbi şəhadətləndirmədə korrupsiya risklərini azaltdığını iddia edir. Prokurorluq xatırladır ki, üzrlü səbəb olmadan tibbi müayinəyə, müddətli hərbi xidmətə, toplanışlara və ya səfərbərlik üzrə xidmətə çağırışa gəlməmək cinayət məsuliyyəti yaradır.