Bir ildən çox həbsdə olan qadın Mehriban Əliyevaya müraciət edib, məhkəmənin onu tibbi ekspertizaya göndərmədiyini deyir
Bir ildən artıqdır həbsdə saxlanılan Məsmə Zeynalova mətbuat vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. O, işinin yenidən araşdırılmasını və tibbi ekspertizadan keçirilməsinə kömək göstərilməsini xahiş edir.
Meydan TV xəbər verir ki, Zeynalova Bakı İstintaq Təcridxanasında dəfələrlə özünə xəsarət yetirdiyini, bunun isə cəmi bir dəfə qeydiyyata alındığını deyir. Onun sözlərinə görə, həkimlər ona "davamlı şəxsiyyət pozuntusu" diaqnozu qoyub, vəkilin martın 11-dən verdiyi vəsatəti isə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təmin etmir.
"Nə ev dustaqlığına buraxırlar, nə də tibbi ekspertizaya göndərirlər. İstəmirlər xəstəliyim rəsmiləşsin", - Zeynalova müraciətində yazıb. O, etiraz edəndə cəza kamerası ilə hədələndiyini, bir dəfə 1 saatlıq ora salındığını, təcridxanada psixiatr olmadığını da bildirir.
Zeynalova "etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə" və "xuliqanlıq" ittihamlarını qəbul etmir. O, hədə-qorxuya boyun əymədiyi üçün birgə iş qurduğu adamların əli ilə şərləndiyini iddia edir, ittihamların əsassız olduğunu deyərək müstəntiqlər Rövşən Cavadovu və Cəlal Hacıyevi, Abşeron rayon prokuroru Şəfahət İmranovu və onun müavini Aslan Surxayevi günahlandırır.
Meydan TV-nin yazdığına görə, Abşeron Rayon Polis İdarəsinin baş müstəntiqi Eldəniz Əsgərovun 2024-cü il oktyabrın 30-da yazdığı raportda Zeynalovanın Laləzar Yaqubova adlı şəxsi döydüyü göstərilmir. Raportda onun həmin qadının gödəkçəsindən tutaraq silkələdiyi qeyd olunub.
Zeynalova uşaqlıqda kəllə-beyin travması aldığını və müalicə olunduğunu, həbsdən sonra vəziyyətinin ağırlaşdığını deyir. Ona görə, fevraldan bəri 7 psixoterapevtin və 2 psixoloqun müayinəsindən keçib.