Son dəqiqə:Sərhədsiz Reportyorlar İlham Əliyevi mətbuat azadlığının 33 "yırtıcısı" siyahısına salıb - 02-11-2026

Təhsil nazirinin müavini: Geyim qaydalarına görə dərsə gəlməyən şagirdin biliyi qiymətləndirilməsə, attestat verilmir

Foto: Abaddon1337, CC BY-SA 4.0, Wikimedia Commons
02-11-2026 11:28

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov X-XI siniflərdə geyim qaydalarına əməl etməyən və dərsə gəlməyən şagirdlərin attestat alıb-almayacağı sualına Nazirlər Kabinetinin 2016-cı il qərarını xatırladaraq cavab verib: "Biliyi hər hansı səbəbdən asılı olmayaraq qiymətləndirilməyən şagirdə ümumi və ya tam orta təhsil haqqında attestat verilmir".

Qurbanov bu fikirləri APA agentliyinə verdiyi müsahibədə söyləyib. Onun sözlərinə görə, monitorinqlər davam edəcək, ümumi təhsil icbari olduğu üçün müvafiq icra hakimiyyəti qurumları dərsə gəlməyən şagirdlərin ailələri ilə görüşür. Nazir müavini valideynlərə üz tutaraq deyib ki, "böyüklər arasında hansı fikir ayrılığı yaranırsa-yaransın, onun nəticəsini uşaqlar təhsildən geri qalmaqla yaşamamalıdırlar".

Müəllimlərə gəlincə, Qurbanov geyim tələblərinə riayəti əmək intizamının bir hissəsi adlandırıb: "Üzrlü səbəb olmadan işə çıxmamaq, əmək funksiyalarını yerinə yetirməmək və ya intizam tələblərinin təkrar pozulması qəbulolunmazdır, qanunazidd hərəkət kimi dəyərləndirilir". O, müəllimlərin "böyük çoxluğunun" qaydalara əməl etdiyini deyib, lakin rəqəm verməyib.

Nazir müavininin sözlərinə görə, qaydalar yalnız dövlət məktəblərinə aiddir, özəl məktəblər geyim qaydalarını öz nizamnamələri ilə müəyyən edə bilər, peşə, orta ixtisas və ali məktəblərdə isə hələlik belə tələb nəzərdə tutulmur. O, qaydaların "hansısa geyim komponentinin qadağasına yönəlmədiyini" və təhsilin dünyəvi xarakterindən irəli gəldiyini bildirib.

Müsahibədə "hicab" sözü işlənmir, baş örtüyü yalnız xarici ölkələrin təcrübəsindən danışılarkən xatırlanır. Mübahisə isə məhz bu mövzu ətrafındadır: həbsdəki jurnalist Fərid İsmayılov oktyabrın 12-dən hicablı şagird və müəllimlərin məktəbə buraxılmadığını yazır, müstəqil media da belə hallardan xəbər verir.

Digər xəbərlər