Baş Prokurorluq: Regional meşə mərkəzinin direktoru və meşəbəyi meşədə torpaq icarəsinə görə rüşvət almaqda ittiham olunur
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə bağlı 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Fizuli Məmmədov və meşəbəyi Vidadi Əsgərov rüşvət almaqda ittiham olunur. Bu barədə Baş Prokurorluq və nazirlik birgə məlumat yayıb.
Prokurorluğun məlumatına görə, Məmmədovun 2025-2026-cı illərdə Əsgərovla birlikdə meşə ərazisində torpaq sahələrinin icarəyə verilməsinə görə müxtəlif məbləğlərdə rüşvət almasına dair "əsaslı şübhələr" müəyyən edilib. Araşdırmanı nazirlikdən daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparır.
Hər ikisinə qabaqcadan əlbir olan qrup tərəfindən təkrarən, külli miqdarda rüşvət alma maddəsi ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə Məmmədov barəsində həbs, Əsgərov barəsində isə ev dustaqlığı seçilib, o, vəzifəsindən də kənarlaşdırılıb.
Prokurorluq işdə başqa şəxslərin də ola biləcəyini və istintaqın davam etdiyini bildirir. Onların təqsirli olub-olmadığına məhkəmə qərar verəcək.
Baş Prokurorluq bu gün Dövlət Vergi Xidmətinin üç vəzifəli şəxsinin sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunduğunu da açıqlayıb.