Tramp İrana yenidən zərbə hədələyib, Moskva yeni hərbi əməliyyat siqnallarından "son dərəcə narahat" olduğunu deyir
Donald Tramp bazar günü seçki mitinqində İrana zərbələri bərpa etmək hədəsini təkrarlayıb. O, müəyyən olunmamış vaxtda Tehrana "çəkici" verməli ola biləcəyini deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mediaya cavabında yazıb ki, münaqişə həll olunmayıb və İrana qarşı yeni güc aksiyalarının planlaşdırılması barədə siqnallar "son dərəcə narahatlıq doğurur". Moskva diplomatik işin artırılmasını istəyir, vasitəçilərə dəstək verdiyini bildirir.
Zaxarova Hörmüz boğazındakı vəziyyətin İranın da maraqları nəzərə alınmaqla normallaşmasını gözlədiklərini yazıb. Onun sözlərinə görə, Tehran ABŞ-nin "qeyri-qanuni dəniz blokadası" ilə üzləşib.
İran Prezidenti Məsud Pezeşkian isə müraciətində deyib: "Xalq bizimlə olsa, düşmən məni və mənim kimi minlərlə adamı öldürsə belə, heç nə edə bilməyəcək".
Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ dəniz blokadasına son qoymasa, Hörmüz boğazının açılmayacağını deyib. ABŞ və İsrail İrana fevralın 28-də hücum edib, iyulun 8-də isə Tramp atəşkəsin dayandırıldığını elan edib və zərbələr yenidən başlayıb. "Financial Times" qəzeti də Yaxın Şərq diplomatlarının aralıq seçkilərindən sonra daha dağıdıcı zərbədən ehtiyat etdiyini yazıb.

