Son dəqiqə:Sərhədsiz Reportyorlar İlham Əliyevi mətbuat azadlığının 33 "yırtıcısı" siyahısına salıb - 02-11-2026

Amnesty International həbsdəki Meydan TV jurnalistlərinin səhhətinin ağırlaşdığını deyir, azad edilmələrini tələb edir

Foto: Jobs For Felons Hub, CC BY 2.0, Wikimedia Commons
02-11-2026 12:51

Amnesty International yeni təcili bəyanat yayaraq Azərbaycan hökumətindən Meydan TV-nin baş redaktoru Aynur Elgünəşin, jurnalist Aytac Tapdığın, redaktor Şəmşad Ağanın və "Meydan TV işi" üzrə həbsdə olan digər jurnalistlərin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edib. Təşkilat bu üç jurnalistin həbsdə lazımi tibbi yardım ala bilmədiyini bildirir.

Amnesty vəkillərə istinadən yazır ki, ciddi böyrək problemi olan və fiziki məhdudiyyətli Elgünəş oktyabrın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, onun döş qəfəsində də törəmələr aşkarlanıb. Oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi onun ev dustaqlığına buraxılması barədə vəsatəti rədd edib.

Bəyanata görə, burun çəpərində əyrilik olan Aytac Tapdıq 22 aydan çoxdur ehtiyac duyduğu müayinə və müalicəni ala bilmir. Mədə xorasından əziyyət çəkən Şəmşad Ağanın da köçürüldüyü tibb müəssisəsində müalicəyə ehtiyacı olduğu bildirilir.

Sənəddə işin digər fiqurantlarının zorakılıq iddiaları da yer alıb: Ülviyyə Əlinin (Quliyeva) iki dəfə cinsi zorakılıqla hədələndiyini və polislər tərəfindən döyüldüyünü, Aysel Ümüdovanın cinsi qısnamaya, Xəyalə Ağayevanın psixoloji, Nurlan Librenin (Qəhrəmanlı) isə fiziki zorakılığa məruz qaldığını dediyi qeyd olunur. Amnesty bu iddiaların heç birinin effektiv araşdırılmadığını yazır.

Təşkilat başqa bir məqama da diqqət çəkir: Dövlət Vergi Xidməti oktyabrın 12-də 12 təqsirləndirilən şəxsə qarşı ümumilikdə 79 min 89 manatlıq mülki iddia qaldırıb, lakin iddiada hər kəsin fərdi məsuliyyəti və məbləğin bölgüsü göstərilməyib. Amnesty bunu məhkəmə prosesinin ədalətli aparılmadığının əlavə göstəricisi sayır.

"Meydan TV işi" üzrə ilk həbslər 2024-cü il dekabrın 6-da başlayıb, hazırda 12 nəfər məhkəmə qarşısındadır. Onlar qaçaqmalçılıq və digər cinayətlərdə ittiham olunur, ittihamları qəbul etmir və təqibi jurnalist fəaliyyətləri ilə əlaqələndirirlər. Azərbaycan rəsmiləri isə ölkədə insanların peşə fəaliyyətinə görə həbs edildiyi iddialarını qəbul etmir. Amnesty-nin çağırış kampaniyası 2027-ci il yanvarın 30-dək davam edəcək.

Digər xəbərlər