Kreml: Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakı məqsədəuyğun olardı, amma rəsmi dəvət almamışıq
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) qoşulması ideyasını "tamamilə başa düşülən və məqsədəuyğun" adlandırıb, lakin Moskvanın hələlik rəsmi dəvət almadığını deyib.
Bu, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təklifinə cavabdır. Tokayev oktyabrın 30-da TDT-nin Ankara sammitində Rusiyanın təşkilata üzv və ya müşahidəçi kimi qəbulunun nəzərdən keçirilməsini təklif etmişdi.
"Rusiyada xalqları tarixən türk olan bir sıra regionlar var. Ona görə də, əlbəttə ki, bu, tamamilə başa düşülən və məqsədəuyğun olardı. Məhz ayrı-ayrı Rusiya regionlarının deyil, bütövlükdə Rusiya Federasiyasının iştirakı", - Peskov deyib.
Kreml sözçüsünün sözlərinə görə, mövzu Astana ilə əlaqələrin gündəliyində olacaq.
TDT-nin tamhüquqlu üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi statusundadır.

