Son dəqiqə:Bir ildən çox həbsdə olan qadın Mehriban Əliyevaya müraciət edib, məhkəmənin onu tibbi ekspertizaya göndərmədiyini deyir - 02-11-2026

Ermənistanın ədliyyə naziri: Dağlıq Qarabağı Ermənistanla birləşdirmək məqsədimiz yoxdur

Foto: Anigrig47, CC0, Wikimedia Commons
02-11-2026 12:55

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan ölkənin Dağlıq Qarabağla birləşmək məqsədi olmadığını, 1990-cı il Müstəqillik Bəyannaməsində yazılan hədəflərin artıq bugünkü prioritetləri əks etdirmədiyini deyib.

"Heç kim Müstəqillik Bəyannaməsini tarixin səhifələrindən silə bilməz və belə fikrə düşməməlidir də. Amma fakt budur ki, bəyannamənin məqsədləri artıq köhnəlib. Bizim Dağlıq Qarabağı Ermənistanla birləşdirmək məqsədimiz yoxdur", - Qalyan noyabrın 2-də parlamentdə jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, məqsəd Ermənistanın uzunmüddətli davamlılığını, rifahını və inkişafını təmin etmək, müstəqilliyini və suverenliyini gücləndirməkdir. "Bugünkü sülhə görə minnətdarıq. Bu sülhü qorumaq və institusional şəkildə möhkəmləndirmək istəyirik", - o əlavə edib.

Qalyan müxalifətə də müraciət edib: qoy onlar öz təkliflərini versin və yeni Konstitusiyada bəyannamənin xatırlanmasının nə verəcəyini izah etsin.

Məsələ Azərbaycan üçün ona görə vacibdir ki, Bakı sülh sazişinin imzalanmasını Ermənistan Konstitusiyasının dəyişdirilməsinə bağlayır: mövcud Konstitusiya Müstəqillik Bəyannaməsinə istinad edir. Paşinyanın sözlərinə görə, yeni Konstitusiyanın layihəsi noyabrda dərc olunacaq.

Digər xəbərlər