Son dəqiqə:Sərhədsiz Reportyorlar İlham Əliyevi mətbuat azadlığının 33 "yırtıcısı" siyahısına salıb - 02-11-2026

ABŞ Mərkəzi Komandanlığı İran xarici işlər nazirinin mülki şəxsləri hədəf almadıqları barədə sözlərini "yalan" adlandırıb

Foto: Masoud Shahrestani (مسعود شهرستانی), Tasnim News Agency, CC BY 4.0, Wikimedia Commons
02-11-2026 16:04

İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə" telekanalına müsahibəsində ölkəsinin regiondakı hücumlarının qonşu dövlətlərə yox, yalnız ABŞ-nin hərbi baza və maraqlarına yönəldiyini, mülki şəxslərin qəsdən hədəf alınmadığını deyib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində bu sözləri "yalan" adlandırıb. Komandanlıq Tehranı Fars körfəzindəki qonşu dövlətlərin mülki infrastrukturuna, yaşayış məntəqələrinə, dənizdə isə ticarət gəmilərinin heyətlərinə qəsdən hücum etməkdə ittiham edir. Onun iddiasına görə, son aylar gəmilərə hücumlarda 20-dən çox adam ölüb.

CENTCOM bəyanatında ABŞ və İsrailin İran ərazisinə zərbələrində mülki şəxslər arasındakı itkilərə toxunmayıb.

Komandanlığın rəhbəri, admiral Bred Kuper oktyabrın 25-də Hörmüz boğazına səfərində əsas gəmiçilik yollarının minalardan təmizləndiyini və "tamamilə təhlükəsiz" olduğunu demişdi. CENTCOM-a görə, son altı ayda onun dəstəyi ilə boğazdan 3 mindən çox ticarət gəmisi keçib, Körfəz ölkələri yaydan bəri 1,5 milyard barel neft ixrac edib.

Lakin Əbu-Dabi Milli Neft Şirkətinin rəhbəri Sultan əl-Cabir ADIPEC konfransında Hörmüzdə gəmiçiliyin iflic olmasından danışıb. ABŞ və İsrail İrana fevralın 28-də hücum edəndən sonra Tehran boğazı faktiki bağlayıb, Vaşinqton isə aprelin 13-də İran limanlarına dəniz blokadası tətbiq edib.

Digər xəbərlər