Hicab qadağasına etiraz edən məhbus fəalın həbsxanada zorakılığa məruz qaldığı və intihara cəhd etdiyi deyilir
Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Yavər İsmayılzadənin 1 saylı Cəzaçəkmə Müəssisəsində iki dəfə fiziki zorakılığa məruz qaldığı və buna etiraz olaraq özünə xəsarət yetirdiyi bildirilir.
Meydan TV məhbus ailələrinə istinadən xəbər verir ki, İsmayılzadə hicablı şagird və müəllimlərin məktəblərə buraxılmamasına etiraz olaraq oktyabrın 14-də aclıq aksiyasına başlayıb və elə həmin gün cərimə kamerasına salınıb. Ailələrin sözlərinə görə, o, aclığı dayandırmadığı üçün son bir həftədə iki dəfə həbsxana işçilərinin zorakılığı ilə üzləşib.
Penitensiar Xidmət bu iddia ilə bağlı açıqlama verməyib.
İsmayılzadə 2023-cü ilin martında saxlanılıb, həmin ilin noyabrında Gəncə Ağır Cinayətlər Məhkəməsi onu narkotik ittihamı ilə 5 il 6 ay azadlıqdan məhrum edib. O, ittihamları rədd edir, hüquq müdafiəçiləri isə onu siyasi məhbus sayır.
Bu, fəalın ikinci həbsidir. O, 2018-ci ildə Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdindən sonra da həbs olunmuş, 9 illik cəzası apellyasiyada 5 ilə endirilmiş, 2022-ci ilin mayında isə prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışdı.