"Le Monde": Rusiyanın işğal etdiyi Oleşkidən təxliyəni Moskva və Kiyevin kəşfiyyatları hazırlayıb, Melaniya Trampın rolu şübhəlidir
Fransanın "Le Monde" qəzeti yazır ki, Xerson vilayətinin Rusiya qoşunlarının işğal etdiyi Oleşki şəhərindən mülki sakinlərin təxliyəsi Rusiya və Ukraynanın hərbi kəşfiyyatları arasında hazırlanıb, lakin ABŞ-nin birinci xanımı Melaniya Trampın vasitəçiliyinin nəticəsi kimi təqdim olunub.
Qəzetin adı açıqlanmayan mənbələrinə görə, Moskva uzun müddət humanitar dəhliz açmaqdan imtina edib, 2026-cı ilin yayında isə Ukraynanın Baş Kəşfiyyat İdarəsi ilə Rusiyanın Baş Kəşfiyyat İdarəsi arasında danışıqlara razılıq verib. Bu qurumlar onsuz da əsirlərin və meyitlərin mübadiləsi ilə bağlı əlaqə saxlayır.
Qəzetin yazdığına görə, dörd ay davam edən danışıqlardan sonra əməliyyatı ombudsmanlar Yana Lantratova və Dmitri Lubinets təşkil edib. Ukraynadakı mənbə Melaniya Trampın rolu barədə iddiaya "ehtiyatla" yanaşmağı məsləhət görür, çünki "Vaşinqtonun hansı rolu oynadığı bəlli deyil". "Tramp Nobel Sülh Mükafatını ala bilməyəcəyini anlayıb, bəlkə də onu Melaniya üçün almağa çalışmaq qərarına gəlib", - Kiyevdəki mənbə qəzetə deyib.
Kremlin sözçüsü Dmitri Peskov isə noyabrın 2-də Moskvanın ABŞ-yə və "xüsusilə" Melaniya Trampa minnətdar olduğunu bildirib. Melaniya Tramp X hesabında 800-ə yaxın insanın təxliyə edildiyini yazıb.
Atəşkəsdən kimin yararlandığı da mübahisəlidir. Ukrayna Baş Qərargahı Rusiya hərbçilərinin fasilədən mövqelərini möhkəmləndirmək, bölmələri dəyişmək və döyüş sursatı daşımaq üçün istifadə etdiyini deyir. Peskov isə Ukrayna ordusunun atəşkəsdən yenidən qruplaşmaq üçün istifadə etməsi ehtimalını istisna etməyib.
Rusiya ombudsmanı Lantratova daha çox adamın çıxacağını gözlədiklərini, avtobusların çoxunun geri boş qayıtdığını deyib. Ona görə, qalanların bir hissəsi xəstə qohumlarını və evlərini tərk etmək istəməyib.
