Son dəqiqə:Sərhədsiz Reportyorlar İlham Əliyevi mətbuat azadlığının 33 "yırtıcısı" siyahısına salıb - 02-11-2026

Sərhədsiz Reportyorlar İlham Əliyevi mətbuat azadlığının 33 "yırtıcısı" siyahısına salıb

Arxiv foto: Official website of President of Azerbaijan, CC BY 4.0, Wikimedia Commons
02-11-2026 17:10

"Sərhədsiz Reportyorlar" (RSF) media azadlığı təşkilatı Jurnalistlərə Qarşı Cinayətlərin Cəzasızlığına Son Qoyulması Beynəlxalq Günü olan noyabrın 2-də 2026-cı il "mətbuat azadlığı yırtıcıları" siyahısını yayıb. 33 addan ibarət siyahıda Azərbaycan Prezidenti İlham Əliyev də var. O, informasiyanı öz ölkəsində susduranlar üçün ayrılan siyasi kateqoriyada Vladimir Putin, Aleksandr Lukaşenko və Donald Trampla birlikdə göstərilib.

RSF yazır ki, Əliyevin dövründə Azərbaycan "xəbər səhrasına" çevrilib: hökuməti tənqid edən bütün səslər susdurulub, müstəqil media orqanları bağlanıb və ya sürgünə getməyə məcbur edilib, senzura isə 2022-ci ildə qəbul olunan "Media haqqında" qanunla rəsmiləşdirilib.

Təşkilatın məlumatına görə, hazırda Azərbaycanda 27 media işçisi həbsdədir, hökmlər də getdikcə ağırlaşır: 2026-cı ilin iyulunda "Toplum TV" jurnalistlərinə 14 ilədək həbs cəzası verilib. RSF-in sözlərinə görə, "Bakı rejimi" təzyiqi ölkədən kənara da çıxarır, sürgündəki jurnalist və blogerləri, o cümlədən Fransada qaçqın kimi yaşayan Məhəmməd Mirzəlini hədələyir.

Əliyevin profilində onun fevralın 14-də Münxen Təhlükəsizlik Konfransında dediyi söz sitat kimi verilib: "Dünyada müstəqil media yoxdur".

Tramp siyahıya bu il daxil edilib. Burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Gürcüstanın milyarderi Bidzina İvanişvili və Rusiya dövlət mediasının rəhbərlərindən Marqarita Simonyan da var. Təhlükəsizlik kateqoriyasında İsrail ordusu göstərilib: RSF Bünyamin Netanyahu hökumətinin Qəzza, İordan çayının qərb sahili və Livanda jurnalistlərə qarşı repressiv siyasət yürütdüyünü yazır.

Əli Xamenei, Nikolas Maduro, Viktor Orban və Aleksandar Vuçiç bu ilki siyahıya düşməyib. RSF siyahını zarafatyana "mükafat" adlandırır, onun subyektiv olduğunu qəbul edir, lakin təşkilatın dünya mətbuat azadlığı indeksinə əsaslandığını bildirir.

Digər xəbərlər