Zelenski: Rusiya enerji sistemimizi vurmağı dayandırsa, biz də onun neft emalı zavodlarına zərbə endirməyəcəyik
Foto: Press Service of the President of Ukraine, CC BY 4.0, Wikimedia CommonsUkrayna prezidenti Volodimir Zelenski Rusiya Ukraynanın enerji infrastrukturuna hücumları dayandırsa, Kiyevin də Rusiya neft emalı zavodlarına zərbələrə son qoymağa hazır olduğunu deyib.
Zelenski bunu Fox News telekanalına müsahibəsində, ABŞ prezidenti Donald Trampın xəbərdarlıqlarını şərh edərkən bildirib. Onun sözlərinə görə, bu məsələ Tramp və komandası ilə dəfələrlə müzakirə olunub.
"Əgər onların neft emalı zavodlarına bir ay hücum etməməyimiz lazımdırsa, bizə bir aylıq Patriot verin", - Zelenski deyib. O, Ukraynanın Amerika istehsalı olan bu hava hücumundan müdafiə sistemlərinin pulunu tapıb ödəməyə hazır olduğunu əlavə edib.
Təklif tərəflərin bir-birinin enerji obyektlərinə zərbələri fonunda səslənib. Noyabrın 2-də Kiyevdə təcili işıq kəsintiləri tətbiq olunub, Rusiyanın ən böyük neft qovşaqlarından biri olan Samaranın isə Ukrayna dronları ilə yenidən vurulduğu deyilir.
