Dövlət Sərhəd Xidməti: İrandan keçməyə çalışan silahlı sərhəd pozucusu "zərərsizləşdirilib"
Dövlət Sərhəd Xidməti İrandan Azərbaycana keçməyə çalışan silahlı sərhəd pozucusunun "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində "zərərsizləşdirildiyini" bildirir.
Xidmətin açıqlamasına görə, sərhəd naryadı İran tərəfdən Azərbaycana doğru hərəkət edən sərhəd pozucularını müşahidə edib, zastava həyəcan vəziyyətinə gətirilib və ərazi bağlanıb. Pozuculara "Dayan" əmri verilib, havaya xəbərdarlıq atəşi açılıb.
Xidmət bildirir ki, əmrə tabe olmayan şəxs silahlı müqavimət göstərərək sərhədçilərə atəş açıb, buna görə "Dövlət sərhədi haqqında" qanuna uyğun olaraq ona qarşı silah tətbiq edilib.
Hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfinə məlumat verilib. Cinayət işi başlanıb, araşdırmanı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq birgə aparır.
Açıqlamada həmin şəxsin kimliyi və digər sərhəd pozucularının aqibəti göstərilməyib. Xidmət onun sağ qalıb-qalmadığını da dəqiqləşdirməyib. Rəsmi dildə "zərərsizləşdirilib" sözü adətən öldürülmə mənasında işlədilir.
