"The Atlantic": Tramp İranla müharibəni bitirə bilməməsinin günahını Pentaqon rəhbərinin və baş generalın üstünə ata bilər
ABŞ prezidenti Donald Trampın İrandakı müharibəni başa çatdıra bilməməsinin məsuliyyətini ətrafındakılardan kimə yükləyəcəyini axtardığı iddia olunur.
"The Atlantic" jurnalı adı açıqlanmayan mənbələrə istinadən yazır ki, Pentaqonun rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn "günah keçisi" ola bilər. Jurnala görə, hər ikisi müharibə üzrə Trampın əsas müşavirləri olub və ilk mərhələdə ən nikbin danışanlar arasında yer alıb.
Jurnalın yazdığına görə, Heqset Ağ Evdə populyar deyil. Trampa yaxın adamlar onun müharibənin vəziyyətini prezidentin xoşuna gəlmək üçün çəhrayı rənglərlə təsvir etdiyini güman edir.
"The Atlantic" hazırkı və keçmiş müdafiə rəsmilərinə istinadən yazır ki, Trampın qarşısında bir neçə saat, bir neçə gün və ya bir neçə həftə davam edəcək zərbələr, eləcə də Hörmüz boğazında dəniz blokadasını saxlamaq variantları var. Ssenarilərdən biri İranın nüvə proqramına qarşı çoxgünlük kampaniyadır.
Jurnala görə, Tramp hələlik zərbələrin bərpası barədə əmr verməyib, belə qərar versə, onu son ana qədər gizli saxlayacaq. Ətrafındakı bəzi adamlar təkcə zərbə təhdidinin İranı danışıqlara qaytaracağına ümid edir.
