"AccessBank"ın rəhbəri dəyişib: onu satın alan "Bank Respublika"nın sədri bu vəzifəyə keçib
"AccessBank"ın İdarə Heyətinin sədri David Tsiklauri bankdan ayrılıb, yerinə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov keçib.
APA xəbər verir ki, dəyişiklik səhmdarların qərarı ilə edilib. "Bank Respublika"nın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq sədr müavini Aslan Abbasov icra edəcək.
Dəyişiklik "Bank Respublika"nın "AccessBank"ın səhmlərinin 100 faizini almasından sonra baş verib. Sövdələşmə barədə sentyabrda məlumat verilmişdi, o vaxt satıcıların beynəlxalq maliyyə institutları olduğu bildirilmişdi, qiymət isə açıqlanmamışdı.
Şərtlərə görə, "AccessBank"ın əvvəlki səhmdarları "Bank Respublika"nın nizamnamə kapitalının 25 faizini təşkil edən yeni imtiyazlı səhmlər alır. Yəni xarici səhmdarlar "AccessBank"dan çıxsa da, onu alan bankın səhmdarına çevrilir.
Banklar əvvəlcə ayrı-ayrılıqda işləyəcək, sonra isə tənzimləyici tələblərə uyğun birləşdiriləcək.
