Baş Prokurorluq: Vergi Xidmətinin üç vəzifəli şəxsi 200 min manat rüşvət almaqda ittiham olunur
Foto: YusifSarkarov1234, Public domain, Wikimedia CommonsDövlət Vergi Xidmətinin üç vəzifəli şəxsinin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Baş Prokurorluğun məlumatına görə, Xidmətin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin rəis müavini Eldəniz Əhmədovun, Sahə təhkimçiliyi idarəsinin rəis müavini Rüstəm Mirzəyevin və həmin idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədovun bu ilin mayında ümumilikdə 200 min manat rüşvət almasına dair "əsaslı şübhələr" müəyyən edilib.
Prokurorluq bildirir ki, araşdırma Vergi Xidmətinin özündən daxil olan məlumat əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Üç nəfərə qabaqcadan əlbir olan qrup tərəfindən külli miqdarda rüşvət alma maddəsi ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsi onları həbs edib.
Açıqlamada təqsirləndirilən şəxslərin ittihama münasibəti göstərilməyib. Onların təqsirli olub-olmadığına məhkəmə qərar verəcək.