Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qüvvəyə minib
Foto: Bicanski – https://pixnio.com/author/bicanski, CC0, Wikimedia CommonsTürkiyədə sosial media platformlarına yaş həddi və yaş təsdiqi tələbi gətirən qaydalar noyabrın 1-də qüvvəyə minib. Bundan sonra 15 yaşdan kiçik uşaqlara sosial şəbəkə xidməti göstərilə bilməz.
Türkiyənin Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş bildirib ki, hesabı yalnız 15-18 yaşlı uşaqlar aça biləcək, onlara ayrıca xidmət göstəriləcək, platformlar isə valideyn nəzarəti alətləri təqdim edəcək. Bu tənzimləmə aprel ayında Türkiyə parlamentində qəbul olunub.
Türkiyə Prezidentliyinin Kibertəhlükəsizlik İdarəsi bildirib ki, yaş təsdiqi üçün yalnız "turkiye.gov.tr" ünvanından və ya rəsmi "e-Devlet" mobil tətbiqindən istifadə edilməlidir. İdarə vətəndaşları üçüncü şəxslərdən gələn mesajlardakı keçidlərə daxil olmamağa, şifrə, SMS kodu və bank kartı məlumatlarını heç kimlə bölüşməməyə çağırıb.
Qaydaları tənqid edənlər də var. Kiberhüquqlar və ifadə azadlığı üzrə hüquqşünas Yaman Akdeniz "BBC Türkçe"yə deyib ki, uşaqların qorunması kimi təqdim olunan bu qaydalar praktikada daha geniş nəzarət mexanizminə yol aça bilər. Onun fikrincə, yaşın "e-Devlet" üzərindən yoxlanması bütün istifadəçilərin şəxsi məlumatlarının sosial media hesabları ilə uyğunlaşdırılması deməkdir.
Uşaqlara sosial media qadağası tətbiq edən ilk ölkə Avstraliya olub. Böyük Britaniya da gələn il 16 yaşdan kiçiklər üçün oxşar qadağa planlaşdırır.


