Tramp İrana zərbələrin bərpasının az ehtimal olduğunu deyir, amma 38 körpünü bir saata dağıda biləcəklərini bildirir
Arxiv foto: The White House, Public domain, Wikimedia CommonsABŞ Prezidenti Donald Tramp noyabrın 8-də CNN telekanalına telefon müsahibəsində deyib ki, danışıqlarda irəliləyiş olarsa, İrana yeni hücumlar “çox az ehtimal olunur”. Onun sözlərinə görə, bu, Tehranın “çox güclü razılaşma” imzalayıb-imzalamayacağından asılıdır. Danışıqlar İranın nüvə proqramı və Hörmüz boğazının açılması ətrafında gedir.
Tramp eyni müsahibədə ABŞ qüvvələrinin zərbəyə hazır olduğunu, regionda üç aviadaşıyan gəminin yerləşdiyini deyib. O bildirib ki, Vaşinqton elektrik stansiyaları və körpülər daxil olmaqla infrastruktur hədəflərini müəyyənləşdirib. “Reuters” agentliyi yazır ki, Tramp bir saat ərzində dağıdıla biləcək 38 körpüdən danışıb, amma bu infrastrukturu məhv etmək istəmədiyini də əlavə edib.
ABŞ Prezidenti İranı “iflasa uğrayan ölkə” adlandırıb. Trampın iddiasına görə, İranın hava hücumundan müdafiə sistemləri məhv edilib, ölkə raket imkanlarının təxminən 10, dron imkanlarının isə 15 faizini saxlayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi həmin gün dövlət televiziyasına deyib ki, ABŞ-dəki aralıq seçkilərinin nəticələrinin hamıda yaratdığı “şok” səbəbindən vasitəçilər bir neçə gündür səfər etmir. “İndi görməliyik, onların bu nəticələri həzm etməsi nə qədər vaxt aparacaq”, - nazir deyib. Əraqçi sosial şəbəkə X-də isə yazıb: “Amerikalı seçicilər seçimini edib. İndi seçim növbəsi Ağ Evindir”.
Müharibə başlayandan səkkiz ay sonra tərəflər arasında vasitəçilik edən Qətər ABŞ və İranın razılığa gələ bilmədiyi barədə xəbərləri təkzib edib. “Reuters”in yazdığına görə, İran nüvə təklifini Qətər vasitəsilə çatdırıb, amma danışıqları ABŞ-nin sanksiyaların ləğvi və müharibə təzminatı da daxil olmaqla yeddi tələbini qəbul etməsinə bağlayır. Vaşinqton isə nüvə məsələsinin ilk danışıqlarda müzakirə olunmasını istəyir.
Son günlər mediada ABŞ administrasiyası daxilində zərbələrin bərpası ilə bağlı mübahisələrin getdiyi yazılır. Bu addımın tərəfdarlarının əməliyyatı respublikaçıların çoxluğu itirdiyi yeni Konqresin işə başlayacağı yanvara qədər keçirməyi məsləhət gördüyü bildirilir.


