Rusiyanın gecə raket zərbəsi nəticəsində Kiyevdə Dnepr üzərindəki Şimal körpüsü bağlanıb
Arxiv foto: Kiyevdə Şimal körpüsü. Ilya K, CC BY-SA 3.0, Wikimedia CommonsRusiya gecə Ukraynanın enerji və digər kritik infrastruktur obyektlərinə ballistik raketlərlə zərbə endirib, Kiyevdə Dnepr çayı üzərindəki Şimal körpüsü zədələnib.
Kiyev meri Vitali Kliçko bildirir ki, körpüdə hərəkət tam dayandırılıb, şəhərdə enerji təchizatı ilə bağlı vəziyyət çox ağırdır. Şəhər rəhbərliyinin məlumatına görə, paytaxtda 14 yaşlı yeniyetmə də daxil olmaqla beş nəfər yaralanıb. Kiyev və Jitomir vilayətlərində də enerji obyektləri zədələnib.
Zərbələrin nəticələri başqa bölgələrdə də hiss olunur. Çerniqov şəhər şurası şəhərin tamamilə işıqsız qaldığını, elektriklə işləyən ictimai nəqliyyatın dayandığını bildirib. Zaporojye vilayətində işıq, su və istilik kəsintiləri yaşanır, Dnepropetrovsk vilayətinin bir hissəsində xəstəxanalar generatorla işləyir.
Prezident Volodimir Zelenski isə ABŞ şirkəti “SpaceX”in hərbi peyk rabitəsi sistemi “Starshield”in cəbhə boyunca işinə qoyulan məhdudiyyətlərin götürülməsini tələb edib. Onun sözlərinə görə, Rusiya ordusu “Şahed” dronları ilə Ukraynanın yarımstansiyalarını vurur və bu zərbələrin bir çoxu məhz rabitədəki məhdudiyyətlər üzündən hədəfə çatır.
Ukrayna da eyni gecə Rusiyanın içərisində hədəflərə dronlarla hücum edib: Tatarıstanın Nijnekamsk şəhərində “Sibur” şirkətinə məxsus neft-kimya zavoduna və Rostov vilayətinin Taqanroq şəhərindəki yarımstansiyalara zərbə endirilib. Taqanroqda bir nəfərin öldüyünü vilayət qubernatoru Yuri Slyusar bildirib.


