“Müəllim kimdir, atam?”
Elnaz Eyvaz
Müəllim peşəsinə şərəf gətirən hər bir müəllimə eşq olsun və yaşından asılı olmayaraq vicdanlı müəllimlərin qarşısında baş əyirəm!
İndi mən də onu deyirəm ki, elə harda müəllim gördün, bu, o demək deyil ki, o, şərəfli adamdır. Qardaş, ümumiyyətlə, şərəfin peşəyə nə dəxli?! Adam var ki, çalışdığı peşəsinə şərəf gətirir. Adam da var ki, adı çəkilən yerdə şərəfdən danışmaq olmaz.
O ki qaldı müəllimliyə, bu, çox qəliz məsələdir. Həm qəlizdir, həm də vacib. Hətta toydan da vacib. Bəəli!
Camaat özgədən danışanda, mən özümdən danışaram. Bax, məsələn, 18 ildir ki, bu peşədə çalışıram. Deməyəcəyəm ki, necə müəlliməm. Dediyim odur ki, bu peşənin nümayəndələrilə səndən daha çox mən ünsiyyətdə oluram, üzüm daha çox müəllim üzü görüb.
Qardaş, o qabaqlar idi ee, biz elə bilirdik, müəllim çörək yemir filan söhbətləri. İndi müəllim yeməyə çörək axtarır. Ancaq bu iş o işdən deyil. Məsələ burasındadır ki, baxır hansı müəllim çörəyi necə qazanıb yeyir. Bu, məlum ki, aldığı maaş evinəcən salamat gedib çıxmır, elə yoldaca xırp edilir. Vallah da, billah da, müəllim var ki, görəndə deyirsən ki, buna heç o qəpik-quruşu da vermərəm, görək daha hansı şərəfsilklərdən çıxacaq bu şərəfli peşənin sahibi.
Müəllim cəmiyyətin düşdüyü duruma birbaşa cavabdehdir! Bəlkə də, dediyim qəddar səslənir, amma və lakin elədir ki, var! Hər bir müəllim dərk etsə ki, onun borcu şagirdlərinə elm öyrətməklə yanaşı, şəxsiyyət yetişdirməkdir və bu yolda əlindən gələni etsə, cəmiyyətdəki bəlalar bu qədər olmazdı. Müəllim şagirdin tərbiyəsini valideynin üstünə atmasa, aldığı maaşı əlində bayraq edib bunun heyfini şagirdlərindən çıxmasa, indi hər şey azca da olsa, başqa cür olardı. Və bunlardan öncə olanı odur ki, müəllim şagirdlərinə xalqının övladı, Vətəninin gələcəyi kimi yanaşa, onda təbii ki, yuxarıda dediklərim müstəcəb olardı və biz də xeyli xoşbəxt olardıq.
Düşündükcə deyirəm ki, ayə, bu nə biabırçı inamdır ki, müəllim çörək yemir. Müəllim çörək yemirsə, necə düşünür? Axı rəhmətlik Karl Kraus (Avstriya yazıçısı) deyirdi ki, şagirdlər müəllimlərinin həzm etdikləri ilə qidalanır. Həə, əlbət ki, burda yeməkdən söhbət getmir, anlayıram. Ancaq çox diqqətlə hər gün müşahidə edirəm ki, görüm müəllimlər özləri nəyi həzm edirlər ki, şagirdlərinə nə yedirirlər? Və belə qənaətə gəlirəm ki, şagirdlər "nəsə” yemir.
Bu ukraynalılar yoxdumu, onların da ataları və atalar sözləri var axı bizimkilər kimi. Bax, onların ataları deyib ki, müəllim necədirsə, sinif də elədir. Nəqqədər gözəl deyimdir, deyilmi?! İndi dön siniflərə bax, gözəl gözlüm. Gör hansı sinif necədir. Gör kim kimin şagirdidir.
Əgər ki, mən təhsil naziri olsaydım, qəbul imtahanları zamanı daha çox mərhələdən keçən abituriyentlər müəllimliyi seçənlər olardı. Onların danışıq və düşüncə tərzindən tutmuş, vallahi ki, nə ilə qidalandıqlarına, hansı böyrü üstə yatdıqlarına qədər hamısını imtahan edib sonra qəbul edərdim. Ki, xalqımın gələcəyi sığortalanmış olsun. Daha 150-200 balla dövlətin ali məktəblərinə düşməyən abituriyentləri özəl universitetlərə yerləşdirib xalqın başına bəla açmazdım.
Şagirdinə öz balası kimi yanaşmayan, onlara sevgi dolu baxışlarla, məhəbbətlə baxmayan, onlarla kobud danışan, aşağılayan, özünü 5-6 saat ərzində hakimiyyətdə hiss edən və müəllim adına ləkə olanların nə işi vardı o zaman məktəblərdə? (Müəllim də şagirdinə "qoyun” deyərmi? Bu birbaşa çoban olduğunu etiraf etməkdir). Bir müəllim ki, şagirdini dinləyə və ona sevə-sevə qarşılıq verə bilmir, bir müəllim ki, dərs zamanı sinfi idarə etməyi yalnız qışqırmaqda və hətta yumruğunu stola çırpıb qışqırmaqda görür, bir müəllim ki, gözünü şagirdin (valideynin) əlinə dikir və sonra da heç nə olmamış kimi dimdik gəzir, elə bilir ki, bundan heç kimin xəbəri yoxdur, əvvəla o yanılır, hamının xəbəri olur çünki, ikincisi, o müəllim hansı şəxsiyyət yetişdirməkdən danışa bilər?
Müəllim kimdir, atam? Kimdir müəllim?
Müəllim – savadlı olmaqla yanaşı, yalansız olar, səmimi, mehriban, ləyaqətli, şagirdlərinin inam yeri, güvən yeri, uzalı əlləri olar. Daha şagirlərinə əl açmaz. Sən Allah demə ki, müəllimi bu duruma salan var filan. Əsl şəxsiyyət odur ki, düşdüyü durumdan asılı olmayaraq öz səviyyəsini saxlaya bilir, şəxsiyyətini alçaltmır.
Müəllim məktəbi evi, şagirdləri öz balası bilmirsə, o, sadəcə jurnaldaşıyandır. Məktəb müəllimin evidir və müəllim prezidentin, Təhsil nazirinin, məktəbin direktorunun kimliyindən asılı olmayaraq əlini vicdanına qoyub çalışmalıdır. Evinə və balalarına xəyanət edən, çiy yanaşan adamlarla mübarizə aparmalı, Ocağını qorumalıdır. Daha kiminsə gözünə girmək üçün yox…
Müəllim – elmi sevməyi deyil, sevməyi öyrədəndir. Sevməyi öyrənən şəxs elmi də, alimi də, xalqı və Vətəni də … sevəcək. Şagirdə nifrətlə yanaşan müəllimlər var. Guya bilmirsən? Nifrət etməyi öyrətmirmi?
Müəllim – təkcə öz ixtisasına aid kitabları oxumaqla müəllim olmur. Bizim bir fizika müəllimimiz vardı, dərsin ən maraqlı yerində dünya ədəbiyyatından sitat gətirirdi. Bəlkə də, mövzunun ən yadda qalan yeri də elə o məqam olurdu. Kitab demişkən, yadıma bir şey düşdü. Bir dəfə şagirlərim üçün gətirdiyim kitabları stolun üstünə qoymuşam. Kitab da Nodar Dumbadzenin "Mən, nənəm, İliko və İllarion” əsəridir. Bunu görən müəllimlərdən biri üstdəki kitabı elə yerindəcə vərəqləyib dedi, maraqsız əsərdir. Sevindim ki, oxuyub və bəyənəməyib. Dedim, oxumusunuz? Dedi, yox, üstdən baxanda elə göründü. Necə yaralandımsa, bir də başqa bir müəllim "hələ ömrümdə bir dənə də bədii kitab oxumamışam, necə də səbrin çatır?” deyəndə özümə gəldim. İndi ö-özünə düşünürsən ki, uşağını kimə etibar edəsən, hansı məktəb, hansı müəllimə güvənəsən? Bəs elə bilirsiniz boş yerəmi valideynlər pişik balasını ağzında daşıyan kimi uşaqlarını burdan ora, ordan bura daşıyır? Axtardığını tapammır da, başına dönüm.
Deyə bilərsən ki, yaxşı, müəllim bu qədər zəhmətin qarşılığında düz-əməlli maaş almır, problemi başından aşırsa, bəs bu yazıq müəllimin qazancı nə olsun? Düşünmədən, cavab verirəm: Sevgi! Bu kriterilərə uyan müəllimin qazancı yalnız və yalnız Sevgidir! Dünyanın bütün pulları ilə alına bilməyəcək Sevgi, hər müəllimə nəsib olmayan Sevgi! Uşaqlar güzgü kimidir, onlar Sevgini uzaqdan tanır və qarşılığını verir. Müəllim şagirdini sevmir, hətta deyirsə ki, adam özgənin uşağını öz balası kimi necə sevə bilər? O müəllim heç vaxt sözügedən Sevgini görməyəcək, dadmayacaq, lap elə əcəb də olacaq!
skrom.net