Aİ diplomatiyasının rəhbəri: Rusiya apardığı ukraynalı uşaqları, ehtimal ki, indi Ukraynaya qarşı döyüşə göndərir

Foto: European Parliament, CC BY 4.0, Wikimedia Commons
11-11-2026 21:19

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas noyabrın 11-də Brüsseldə Avropa Parlamentində deyib ki, Rusiya, ehtimal ki, zorla apardığı ukraynalı uşaqları indi Ukraynaya qarşı döyüşə göndərir. Kallas vəziyyətin “dəhşətli və eybəcər” şəkil aldığını deyib.

Kallas bunu Rusiyaya aparılan və Ukraynanın işğal olunmuş ərazilərində yaşayan uşaqlarla bağlı debatda deyib. O, bir neçə gün əvvəl Ukraynaya qaytarılan 13 uşaq və yeniyetmədən biri olan Lukanın hekayəsini danışıb: Kallasın sözlərinə görə, 18 yaşı yenicə tamam olan gənc Rusiya ordusuna çağırış vərəqəsi alıbmış.

Kallasın debatda səsləndirdiyi rəqəmlərə görə, Rusiya 20 500-dən çox ukraynalı uşağı qanunsuz olaraq deportasiya edib, noyabr ayına qədər onlardan 2 790-ı geri qaytarılıb. Moskva bu ittihamları rədd edir və uşaqları döyüş bölgələrindən təxliyə etdiyini deyir. Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martında ukraynalı uşaqların qanunsuz deportasiyası ittihamı ilə Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova barəsində həbs orderi verib.

Kallas deyib ki, müharibəni bitirəcək gələcək saziş hər bir ukraynalı uşağın valideynlərinə qaytarılmasını nəzərdə tutmalıdır. O, Rusiyanı uşaqların valideynləri, qohumları və ya qanuni qəyyumları ilə təhlükəsiz və müntəzəm əlaqəsini dərhal təmin etməyə, humanitar dəhlizlər açmağa, BMT-yə, UNICEF-ə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə uşaqların saxlandığı yerlərə giriş verməyə çağırıb.

Aİ ukraynalı uşaqların deportasiyasında iştirak edən şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edib. Kallasın sözlərinə görə, sanksiya siyahısına Şimali Koreyadakı “Sondovon” beynəlxalq uşaq düşərgəsi də salınıb, çünki orada da ukraynalı uşaqlar aşkarlanıb.

Digər xəbərlər