İran rəsmisi ABŞ vitse-prezidenti ilə Dohada görüş xəbərini təkzib edir, Türkiyə kəşfiyyat rəhbəri görüşün gələn həftə olacağını demişdi

Möhsün Rzayi. Arxiv foto: khamenei.ir, CC BY 4.0, Wikimedia Commons
09-11-2026 20:57

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə ABŞ vitse-prezidenti Cey Di Vensin Qətərdə görüşəcəyi barədə xəbərlər Tehranda təkzib olunub.

İnqilab Keşikçiləri Korpusuna yaxın “Tasnim” agentliyi adı açıqlanmayan yüksək vəzifəli təhlükəsizlik rəsmisinə istinadən yazır ki, İranın danışıqlarla bağlı siyasəti və planları dəyişməyib. Rəsmi deyib ki, ABŞ tərəfi yeddi şərt çərçivəsində əməli addım atmayana qədər amerikalılarla danışıq planlaşdırılmır.

Təkzib Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının sözlərindən sonra gəlib. “Türkiye” qəzetinin yazdığına görə, Kalın Qətərin gələn həftə Vens və Rzayi arasında görüşə ev sahibliyi edəcəyini deyib.

“Interfax” agentliyinin yazdığına görə, görüş xəbəri noyabrın 9-da neftin ucuzlaşmasını gücləndirib: “Brent” markalı neftin bir bareli 4 faizdən çox ucuzlaşaraq 94,15 dollara düşüb.

“Iran International” telekanalı bildirir ki, Qətər Hörmüz boğazının açılması müqabilində ABŞ blokadasının götürülməsini və İranın dondurulmuş 8 milyard dollar vəsaitinin azad edilməsini təklif edir. Qətərin Baş nazirinin noyabrın 9-da Ağ Evdə Donald Trampla görüşməsi planlaşdırılıb.

Oktyabrın sonunda mediada Vensin Rzayiyə məktub göndərdiyi və görüş təklif etdiyi yazılmışdı. Məktuba dair Tehranın rəsmi cavabı hələlik açıqlanmayıb.

Digər xəbərlər