İran Keşikçiləri ballistik raketlərin 2000 kilometrlik mənzil məhdudiyyətini götürdüyünü deyir
Arxiv foto, İranda yeraltı raket bazası: SEPAH Aerokosmik Qüvvələri, CC BY 4.0, Wikimedia Commonsİran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhibbi şənbə günü jurnalistlərə ballistik raketlərin mənzilinə qoyulan məhdudiyyətin artıq götürüldüyünü deyib. Keşikçilər illərdir raketlərin mənzilini təxminən 2000 kilometrlə məhdudlaşdırdıqlarını və bununla Avropa ölkələrinin hədəf olmayacağına zəmanət verdiklərini bildirirdi.
“Bu məhdudiyyət bizim üçün götürülüb”, - Möhibbi deyib. Bundan əvvəl İranın ali dini lideri Müctəba Xamenei İsrail və ABŞ-dən gələcək istənilən təhdidə məhdudiyyətsiz hərbi cavab verilməsini əmr edib. Sözçünün sözlərinə görə, yeni geniş hücum dalğası başlasa, SEPAH-ın aerokosmik qüvvələri hələ göstərilməyən “sürpriz” sistemləri işə salacaq, tezliklə daha bir yeraltı “raket şəhəri” təqdim olunacaq. Möhibbi həmçinin İran nüvə doktrinasını dəyişib bomba hazırlamağa qərar verərsə, bunun üçün lazımi hazırlığın görüləcəyini deyib.
Açıqlama ABŞ-nin cümə gecəsi Qeşm adasına iki zərbə endirməsindən sonra gəlib. Son həftələrdə adadakı hava hücumundan müdafiə sistemləri və raket qurğuları dəfələrlə vurulub, Tramp sonuncu zərbələri “kiçik zərbələr” adlandırıb. İran ordusu isə şənbə səhəri adı açıqlanmayan yeni sistemlə ABŞ istehsalı olan MQ-9 dronunu vurduğunu bildirib.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları mərkəzinin (UKMTO) həftəlik hesabatına görə, noyabrın 6-da başa çatan həftədə Hörmüz boğazında və ətrafında ən azı 11 gəmiyə hücum olub, onlardan üçü batıb. Boğazdan keçən gəmilərin sayı müharibədən əvvəlki səviyyədən təxminən 65 faiz azdır. İran Hərbi Dəniz Qüvvələri şənbə günü izləmə sistemini söndürmüş bir tankerin boğazın şərqində minaya düşərək yandığını açıqlayıb, Vaşinqton isə minaların təmizləndiyini deyir.
İranın xarici işlər naziri Abbas Əraqçi son 48 saatda aralarında Oman, Qətər, Səudiyyə Ərəbistanı və Pakistanın da olduğu 12 ölkənin xarici işlər naziri ilə danışdığını, Hörmüz boğazının açılması üçün Tehranın yeddi şərtini izah etdiyini bildirib.
Vaşinqtondakı “Quincy Institute” analitik mərkəzinin icraçı vitse-prezidenti Trita Parsi “Al Jazeera” telekanalına deyib ki, Trampın aralıq seçkilərdəki məğlubiyyətindən sonra qısa müddətdə müharibə riski artıb. Onun fikrincə, yanacaq qiymətlərinin siyasi bədəli artıq ödənilib, müharibə tərəfdarları isə demokratlar yanvarda Konqresə nəzarəti götürməzdən əvvəl təzyiqi artıracaq. Parsi İsrailin sərt tərəfdarı sayılan Stiven Millerin Ağ Evin aparat rəhbəri təyin olunmasını da Trampın müharibəni bitirməyə hazır olmadığının işarəsi kimi qiymətləndirib.


