Əliyev: Azərbaycandan Avropa İttifaqına qaz tədarükü 8 milyard kubmetrdən 13 milyard kubmetrə qalxıb
Arxiv foto: Trans-Adriatik qaz kəmərinin Albaniyada tikintisi, Albinfo, CC BY 4.0, Wikimedia CommonsPrezident İlham Əliyev noyabrın 12-də Dublində, Avropa Siyasi Birliyinin 9-cu zirvə toplantısı çərçivəsində keçirilən dəyirmi masada Azərbaycanın Avropaya qaz tədarükünü artırmağı planlaşdırdığını deyib.
Prezidentin rəsmi saytındakı məlumata görə, Əliyev Azərbaycanla Avropa İttifaqı arasında 2022-ci ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq memorandumunu xatırladıb. Onun sözlərinə görə, o vaxtdan Azərbaycandan Aİ-yə qaz tədarükü 8 milyard kubmetrdən 13 milyard kubmetrə qalxıb və bu, ölkənin qaz ixracının təxminən yarısıdır. Prezident tədarükün artırılması üçün yeni yataqların açılmasını önə çəkib.
Əliyev deyib ki, Bakıdan yeddi ölkənin ərazisindən keçib İtaliyaya uzanan və Bolqarıstandakı interkonnektorlar vasitəsilə Aİ-nin on ölkəsinə qaz çatdıran kəmər hazırda tam yüklənib. O, kəmərin ötürmə gücünün artırılmasının vacib olduğunu bildirib. Prezidentin sözlərinə görə, Yunanıstan və İtaliyaya uzanan Trans-Adriatik qaz kəmərinin (TAP) gücü 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə çatdırılıb.
Əliyev Azərbaycanın ölkə daxilində və xaricdəki neft emalı müəssisələrinin ümumi gücünün 30 milyon ton olduğunu da deyib, gələcəkdə alternativ enerji mənbələrinin rolunun daha da artacağını qeyd edib.
Azərbaycan qazına yeni alıcı da maraq göstərir. İraqın neft nazirinin qaz məsələləri üzrə müavini İzzət Sabir İsmayıl SOCAR-ın vitse-prezidenti Zaur Qəhrəmanovla görüşdə Azərbaycan qazının Türkiyə üzərindən tranzitlə İraq bazarına çatdırılması imkanlarını müzakirə edib. Tərəflər neft-qaz sahəsində investisiya və texniki əməkdaşlığı da nəzərdən keçirib, birgə layihələr üçün məsləhətləşmələri və texniki danışıqları davam etdirmək barədə razılığa gəliblər.


