Son dəqiqə:Sərhədsiz Reportyorlar İlham Əliyevi mətbuat azadlığının 33 "yırtıcısı" siyahısına salıb - 02-11-2026

“Dini qaldırıb, insanı endirmişik" - Reportaj

07-12-2018 12:43 / Bu xəbər 147 dəfə oxundu
"Öncə yaşlıları maarifləndirmək lazımdır” 
 
Nardaran əhalisinin qatı dindar olması ilə tanınan Bakı kəndlərindən biridir. Hətta yaxın keçmişdə - 2015-2017-ci illərdə hüquq-mühafizə orqanları dindarlara qarşı Nardaranda bir neçə dəfə əməliyyat keçiriblər. 

Sərxan Nəciyev isə həmin "qara çarşablı" kəndin içində öz tolerant fikirləri ilə seçilən az saylı gənclərdəndir.

"Hər kəsin vicdan azadlığı düşüncəsi fərqlidir"
 
O, Toplum.Tv ilə fəlsəfə, din və vicdan azadlığı ilə bağlı fikirlərini bölüşüb: "Hər bir insanın vicdan azadlığı var. Heç kim hər hansı insanı dininə, fikirlərinə, dəyərlərinə görə təhqir edə bilməz. Hamı ətrafındakı insanların müqəddəs hesab etdiyi şeylərə, seçimlərə hörmətlə yanaşmalıdır..."
 
"Din və fəlsəfəyə hansı bucaqdan baxdığımı izah edim"
 
Onun sözlərinə görə, bütün dinlər sonda eyni nöqtədə birləşir: "Əslində, bütün dinlər eyni mövzuya dayanır. Ümumiyyətlə, mən din haqqında çoxlu araşdırma və analizlər aparmışam. Bu analizlər isə mənə bir sıra təcrübələr keçirməyə şərait yaradıb. Bu təcrübələrdən anladığım isə din və fəlsəfənin iki yola ayrıldığını müşahidə etmək olub. Amma onları fərqləndirən dini qanunlar və ayrı-seçkiliklər var. Məsələn, İslam dinində şərab içmək qadağandır, amma xristianlığın bəzi qollarında sərbəstcə şərab içmək olur. Və gördüyünüz kimi insan düşüncəsinin ayrı-seçkiliyi, dini ayrı-seçkiliyə gətirib çıxarır. Buna görə heç bir dinə inanmaq istəmirəm. Dinlərdə razı qaldığım tərəflər var, amma narazı qaldığım tərəflər daha çoxdur". 

"Bu dünyada hər şey nisbidir..."
 
S. Nəciyev deyir ki, ailələr övladlarına sərbəst düşünmə və seçim imkanı tanımalıdır: "Mən insanların hamısını ayıra bilmərəm. Çünki hamısı ilə tanış olmamışam. Amma qarşıma çıxan insanlardan anladığıma görə biz, ilk olaraq, yaşlı təbəqəni maarifləndirməliyik. Həmişə uşaqları tərbiyə etməyə tələsirik, ancaq ən yaxşı yol yaşlıları maarifləndirməkdir. Bizim cəmiyyətin əsas inancı olan İslam dininin təməli ailə sayılır. Bu, çox gözəl haldır. Ona görə də, öncə ailəni maarifləndirmək lazımdır ki, ailə də uşağı sərbəst qərar verməyə öyrətsin. Elə öyrətsin ki, gələcəkdə həmin uşaq şübhələrlə yaşamasın. Bu dünyada hər şey nisbidir. Ona görə də şübhəsiz insan, bir növ normal insan deyil. Hətta təzyiqlərə məruz qalsa belə, şübhədən əl çəkməməlidir".
 
"Öz inandığım yolda getmək üçün bütün təzyiqləri gözə ala bilərəm..."
 
"Ümumiyyətlə, bu haqda çox danışan biri deyiləm, yəni din mövzusunda. Bəzən təzyiqlə üzləşəcəyimi bildiyim halda o təzyiqin üstünə getmişəm. Öz  inandığım yolda getmək üçün bütün təzyiqləri gözə ala bilərəm", - deyir Sərxan Nəciyev. 
 
"Platon deyirdi: "İnsan yalnız özünə qalib gələndə həqiqi qalib sayılır""  
 
"Biz nə zaman öz buxovlarımızı kənara atsaq, bütün dinlərin yaxşı tərəfini görməyə çalışsaq,  onda yaxşı bir cəmiyyət quracağıq”, - deyə Sərxan Nəciyev sözlərinə davam edir: "Düşünün, bir şirkətin qurucusu sizsiniz və rəqib şirkətlərlə mübarizədəsiniz. Hər dəfə öz işçilərinizə şirkətin qanun və qaydaları haqda məlumat verirsiniz. Amma digər şirkətlər haqda heç nə demirsiniz. Çünki bu haqda danışdığınız anda işçilər digər şirkətin yaxşı tərəflərini gözdən keçirməyə başlayacaq. Nəticə olaraq, sizin şirkətin işgüzarlığı aşağı düşəcək. Demək istədiyimi əslində, Platon illər öncə deyib: "İnsan yalnız özünə qalib gələndə həqiqi qalib sayılır" .  

"Əgər çox sevdiyimiz, hər zaman dinlədiyimiz musiqini kimsə pisləsə, bu zaman aqressivləşə bilərik. Ümumiyyətlə, insanlarda qısqanclıq deyilən bir hiss var. Bu sahiblənmə duyğusu ilə bağlıdır. Din də belə bir şeydir. Digər dinləri, sadəcə, olaraq qısqanırıq və onlara qarşı fikrimizi daha aqressiv göstəririk...", - Sərxan belə düşünür.

"Mən hər şeyin ifratında olmuşam"

Gənc fikirlərini davam etdirir: "Əgər fəlsəfəsini analiz edib nəticə çıxarsanız, bu, başqa məsələ, bu, sizin şəxsi inkişafınıza köməklik edər. Din və dinin fəlsəfəsi ayrıdır. Din ifrata aparır. Dində qarışıqlıq yaradıb, kimi isə qatı dərəcədə fərqləndirməyə çalışırsınızsa, din sizi ölümə aparacaq”.

"Anam fikirlərimi hörmətlə qarşılayır"

"Ailədə 5 nəfərik. Atam, anam, 2 qardaşım və mən. Valideynlərin ən böyük övladı mənəm. Ortancıl qardaşımın fikirləri demək olar ki, mənimlə eynidir. Balaca qardaşım isə hələ bu mövzuda neytraldır. Anam namaz qılır, Allaha inanır. Atam da Allaha inanır, lakin namaz qılmır. Anam fikirlərimə hörmətlə yanaşır", - o belə deyir. 

"Dini qaldırdığımız qədər insanı endirmişik!"

"Biz sadəcə olaraq, insan anlayışını çox kiçildirik. İnsan özünü tam olaraq azad hiss edə bilirsə, deməli, o, çox şeyə qadirdir. İnsanların dinə inanmasının  90 faizi özünə güvənin az olmasıdır”, - deyə Sərxan Nəciyev davam edir: "İnsanda iki xarakter var: 1. Ana xarakter 2. Yönəldici xarakter. Demək istədiyim budur ki, insanın daxilində olan ana xarakter (temperament) heç vaxt dəyişmir. Amma yönəldici xarakteri insan sonradan qazanır. Ana xarakterdə bir ağac ölübsə, onu nə qədər bəzəsəniz də, yenə də ölüdür. Ölü bir ağacı heç kim dirildə bilməz ".

"Ölümümə qədər nəyisə axtaracağam..."

"Mən hər şeyin özünə uyğun pozitiv nəticəsini çıxarıram.  Bu gün əgər başıma bir hadisə gəlibsə, bu hadisədən kədərlənmişəmsə, o, mənə heç nə qazandırmayacaq. Amma nəticə çıxardımsa, qazandıracaq".

"Çətinlikdən qorxuram..."

Sərxan zəif tərəflərini də etiraf edir: "Çətinlik varsa, demək, burada özünü inkişaf var. Mən o qədər də cəsarətli biri deyiləm. Risk etməyi sevirəm. Hamıda "konfort zona" deyilən bir şey var. Çalışmaq lazımdır ki, həmin konfort zonanı itirəsiniz, ordan çıxasınız. Həmin vaxt siz tam azad düşünə bilərsiniz.

İnsan istəsə, çox şeyi edə bilər. Məsələn, əgər siz bir tort bişirmək istəyirsinizsə, onun xəmirini hazırlamalısınız. Potensialınızı yaradın və sonra davam edin. Mən rejissor olmaq istəyirəm, amma hal-hazırda neft-kimya mühəndisliyində təhsil alıram. Mənim hər dəfə "rejissor olacağam” deməyimlə heç nə dəyişmir. Mən heç bir şey etmədən, uğura çata bilmərəm. Əgər siz sırf şöhrət xətrinə nəsə etmək istəsəniz, bilin ki, heç nə alınmayacaq. Bir yazıçının məşhur sözündən sitat gətirəcəyəm. Deyir ki, "Şöhrət insanın mənlik alanın başqaları tərəfindən işğalıdır". Əgər siz özünüzə inanmırsınızsa, heç kəs sizə inanmayacaq".

"Ölüləri yandırın..."

Sərxan Nəciyevin ölümlə bağlı da öz fikirləri var: "Biz, sadəcə, insan bədənlərini müqəddəsləşdirmişik. Dünyada cəsədlərin basdırılması üçün yer məhdudlaşıb, həm də ekoloji baxımdan basdırılma yanlış seçimdir. Biz ölüləri müqəddəs hesab edirik. Bu məncə yanlışdır. Hazırda biz danışanda belə, bir nəfər ölür və biz həmin insana təəssüflənmirik, kədərlənmirik. Niyə? Çünki bizə yaxın olan, bizə təsiri olan insanlara kədərlənirik. Əslində isə özümüzün hissləri və təsirləri üçün kədərlənir və ağlayırıq. Nəticə etibarilə içimizdə yaranan təsirlərə hörmət etməliyik, insan bədənlərinə yox. Məhz bu səbəblərə görə insanların "cəsəd sevdası” mənə çox məntiqsiz gəlir”.

"Ətrafımda hər kəs dindardı"

Bir qədər gülümsəyərək fikirlərinə davam edən Sərxan Nəciyev ətrafında olan insanların çoxunun dindar olduğunu deyir: "Ümumiyyətlə, indiyə qədər münasibət qurduğum əks cinsin nümayəndələri dindar olub. Hətta bütün ətrafımdakı insanların belə hamısı dindardır. Bəziləri hər hansı mövzularda məndən daha yüksək savada malikdir. Onlarla danışdıqda çox şey öyrənirəm və bu, məni çox sevindirir. Hətta dinin fəlsəfəsi mövzusunda belə çox maraqlı söhbətlər edirik və mən onlardan öyrənirəm. İlk tanış olduğumda xanım normal münasibət bəsləməmişdi bu seçimimə, ancaq daha sonra qəbul etdi və öyrəşdi".
 
Hazırladılar:
Uğur 
Rasim
Saray
Nuray
Günay


Digər xəbərlər