Britaniya ordusunun rəhbəri: Şimali Avropanın on ölkəsi Rusiya sualtı qayıqlarına qarşı dəniz sazişi imzalayacaq
Arxiv foto: Riçard Nayton, Böyük Britaniya hökuməti, OGL 3, Wikimedia CommonsBöyük Britaniya Silahlı Qüvvələrinin rəhbəri, Müdafiə Qərargahının rəisi Riçard Nayton bazar günü deyib ki, Britaniyanın başçılıq etdiyi “Birgə Ekspedisiya Qüvvələri”nə (JEF) daxil olan on ölkə noyabrın 10-da hərbi dəniz qüvvələrinin tərəfdaşlığı barədə saziş imzalayacaq. Naytonun sözlərinə görə, sənədin məqsədi Rusiyanı bu regionda hərbi təcavüzdən çəkindirməkdir.
Nayton “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, ölkələr bununla anlaşma memorandumlarından və məsləhətləşmələrdən praktik addımlara keçəcək. Generalın dediyinə görə, əsas vəzifələrdən biri Rusiya sualtı qayıqlarının müharibə zamanı dəniz daşımalarına zərbə endirməsinin və ya onları hədələməsinin qarşısını almaqdır. O, bunun təkcə Avropanın deyil, ABŞ-nin şərq sahilinin də təhlükəsizliyinə xidmət edəcəyini deyib.
JEF-ə Britaniya, Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Niderland, Norveç və İsveç daxildir. Sazişin “Atlantik Gələcək Forumu” konfransından əvvəl Britaniya Kral Donanmasının “Prince of Wales” aviadaşıyıcısında imzalanacağı gözlənilir. Kral Donanması iyulun 9-da bu on ölkənin təlim, əməliyyat planlaşdırması və logistikada daha sıx əməkdaşlığa keçmək niyyətini açıqlamışdı.
Nayton müsahibədə Britaniyanın Rusiyaya coğrafi cəhətdən daha yaxın olan Avropa müttəfiqlərinə çatmalı olduğunu deyib, Rusiya dövlətini Avropada və müəyyən qədər Britaniyada qətllər, təxribat və kiberhücumlar törətməkdə ittiham edib. General oktyabrda da hərbçiləri mümkün müharibəyə hazırlaşmağa çağırmışdı.
“Financial Times” yazır ki, Avropa ölkələrinin bu bölgədə varlığının artırılması Prezident Donald Trampın Şimali Avropa ölkələrinə öz müdafiələri üçün daha çox məsuliyyət götürmək çağırışına cavab kimi görülür. Qəzetin qeydinə görə, Respublikaçıların ABŞ-də aralıq seçkilərində məğlubiyyətindən sonra Trampın mövqeyi zəifləyib. Nayton isə ABŞ-nin diqqətinin Avropadan Hind-Sakit okean regionuna keçməsinin 15 ildən çoxdur davam etdiyini deyib.


