"Azərbaycanda tibb müəssisələrində korrupsiya mövcuddur"
"Birinci dəfə sizdən eşidirəm ki, Azərbaycanda dövlət mənim kimi xəstələri pulsuz müalicə etməyə borcludur. Bunu mənə heç bir həkim deməyib".
Bunu Toplum.Tv-yə Bakı şəhər sakini Səmayə Əhmədova (ad şərtidir) deyib. O, 2 ildir ki, "Hepatit B" virusundan əziyyət çəkir.
S.Əhmədova hər 6 aydan bir müalicə üçün İran İslam Respublikasına gedir.
Dediyinə görə, hər müalicə proseduru üçün isə 300-400 manat xərci çıxır.
Səmayə xanım deyir ki, indiyədək heç bir həkim ona Azərbaycanda pulsuz müalicə oluna biləcəyini deməyib: "Virus daşıyıcısı olduğumu öyrənəndə bilmirdim ki, müalicə üçün pulu haradan tapacağam. Pensiyamı yığıb müalicə üçün İranının Təbriz şəhərindəki klinikaya yollanıram. Uzun yol, yad ölkə məni dərman və iynələrdən çox yorur".
Hepatitə yoluxmuş xəstələr qeydiyyata alınır
Qaraciyərin iltihabına gətirən Hepatit virusu dünya əhalisi arasında geniş yayılıb. Bu xəstəliyin vaxtında aşkarlanması, diaqnostikası, profilaktik tədbirlərin və müalicəsinin aparılması ümumilikdə xəstəliyin müalicəsində böyük rol oyanır.
Ümumdünya Səhiyyə Assambleyasının 2010-cu ildə qəbul etdiyi 18 saylı qərarı ilə 28 iyul tarixi Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edilib. Azərbaycanda da bu xəstəliyin müayinə və müalicəsi, bu xəstəlikdən qorunma istiqamətində atılan addımlardan biri kimi, Hepatit virusuna yoluxmuş xəstələrin müəyyən edilərək qeydiyyata alınması, onların dərman preparatları ilə təmin edilməsi və müalicəsinin təşkili məqsədilə müvafiq Komissiya yaradılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Toplum.Tv-yə bildirib ki, hepatit virusuna yoluxmuş istənilən şəxs nazirliyə müraciət edərək, pulsuz müayinə və müalicə olunma hüququ əldə edə bilər: "Xəstələr qeydiyyata düşdükdən sonra onlara dövlət tərəfindən yardım göstərilir və onlar sağlamlığına qovuşurlar”.
"Dövlət geniş yayılan və ölümcül olan xəstəliklərlə bağlı müəyyən öhdəliklər daşıyır”
Hüquqşünas Səməd Rəhimli isə deyir ki, Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq sağlamlıq hüququ ilə bağlı dövlətin bəzi öhdəlikləri var:

"Dövlət geniş yayılan və ölümcül olan xəstəliklərlə bağlı müəyyən öhdəliklər daşıyır. Dövlətin vəzifəsi belə xəstəliklərin yayılmaması üçün qabaqlayıcı tədbirlər görmək, vətəndaşlarla məlumatlandırıcı tədbirlər həyata keçirməkdir. Əgər xəstəlik ciddi və geniş yayılıbsa, bu zaman dövlət həmin xəstəliyə yoluxan şəxslərin müalicəsini ödənişsiz təşkil etməlidir. Bütün bu sadaladıqlarım "Əhalinin sağlamlığı haqqında” qanunda göstərilib. Ümumiyyətlə, Azərbaycanda bir qayda olaraq bəzi tibbi yardımlar ödənişsiz olmalıdır. Problem də ondan ibarətdir ki, Azərbaycan səhiyyəsində bu gün olan korrupsiya bu ödənişsiz tibbi yardımı səmərəsiz edir. Hepatitlə bağlı problem də eynilə belədir. Səhiyyə Nazirliyi iddia edə bilər ki, onlar ödənişsiz müayinə və müalicə edirlər. Məsələ hüquqi olaraq belə bir mexanizmin olması deyil, məsələ faktiki olaraq bu proqramların nə dərəcədə həyata keçirilməsidir. Həqiqətdə isə lazımi addımlar atılmır. Bu məsələ ilə bağlı komissiyalar yaradılsa da, əslində bu qurumlar işləmirlər. Azərbaycanda dövlət tibb müəssisələrində korrupsiya mövcuddur. Hətta dövlətin vətəndaşlara verdiyi ödənişsiz yardım yerinə yetirilmir”.
"Azərbaycana yeni cihazlar gətirmək istəyirlər”
Həkim Vasif İsmayıl isə deyir ki, dövlət sözügedən virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görür:

"Dövlət bütün müəssisələrdəki sterilizasiya alətlərini yenilədi. Ola bilsin ki, kəndlərdə hansısa xəstəxanada bu məsələ diqqətdən kənarda qala bilər. Qan köçürmə prosesində hepatit virusu ehtimalı var, bunun qarşısını almaq üçün qan bankalarının hamısı ciddi şəkildə yoxlanılır. Qan nə qədər ciddi şəkildə yoxlansa da, hepatitin keçmə riski dünyanın hər yerində var. Bu riskin qarşısını almaq üçün Azərbaycana yeni cihazlar gətirmək istəyirlər. Bu cihaz qanı xüsusi işığın altında saxlayaraq tərkibindəki "Hepatit C” virusunun öldürə bilir. Azərbaycanda Hepatit C virusunun tam sağalması üçün bir müəllim 5 aylıq maaşı ilə tamamilə müalicə oluna bilər”.
2016-ci il tarixinədək kumulyativ olaraq 5135 (hepatit C – 3961, hepatit B – 1174) müraciət təqdim olunub. Nəticə olaraq, 3533 şəxsin müalicəsi haqqında qərar qəbul edildiyi bildirilir. Müayinəyə göndərilmiş xəstələrin ümumi sayı isə 990 nəfər təşkil edib.