Azərbaycanda sənaye istehsalı 10 ayda 0,7 faiz azalıb, iqtisadi artım 1,7 faiz olub
Bakı Neft Emalı Zavodu. Foto: Interfase, CC BY-SA 4.0, Wikimedia CommonsDövlət Statistika Komitəsinin noyabrın 11-də açıqladığı məlumata görə, yanvar-oktyabr aylarında ölkədə 58 milyard 539,6 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,7 faiz azdır. Ümumi daxili məhsul (ÜDM) isə 115 milyard 930,5 milyon manat olub və 1,7 faiz artıb.
Komitənin rəqəmlərinə görə, neft-qaz sektoru 0,9 faiz kiçilib, qeyri-neft-qaz sektoru isə 2,9 faiz böyüyüb. Qeyri-neft-qaz sənayesində istehsal 4,8 faiz artsa da, bu, ümumi sənayedəki azalmanın qarşısını almayıb.
Sənayenin geriləməsinin əsas səbəbi neft hasilatının azalmasıdır. Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə kondensatla birlikdə 27,7 milyon ton neft çıxarılıb, 2009-cu ildə isə hasilat 50,4 milyon ton idi. Bu ilin ilk doqquz ayında 19,9 milyon ton neft və kondensat hasil olunub. Hökumət hasilatın düşməsini dayandırmaq üçün bu il qazılan quyuların sayını artırıb.
Yaxın Şərqdəki müharibə və Hörmüz boğazında gəmiçiliyə yaranan təhlükə fonunda neft bahalaşıb: noyabrın 11-də “Azeri Light”ın bir bareli 99,40 dollar olub. Ancaq qiymət artımı ölkədə hasilatın azalmasını dayandırmayıb.
Hökumət 2026-cı il üçün əvvəlcə 2,9 faiz iqtisadi artım gözləyirdi, avqustda bu proqnozu 1,7 faizə endirib. Maliyyə Nazirliyi 2027-ci ildə ÜDM-in 141 milyard manata çatacağını, real artımın 2,7 faiz olacağını proqnozlaşdırır: qeyri-neft-qaz sektorunda 4,4 faiz artım, neft-qaz sektorunda isə 1,8 faiz azalma gözlənilir. Beynəlxalq Valyuta Fondu gələn il Azərbaycan iqtisadiyyatının 2,3 faiz, “ING Group” isə 3 faiz böyüyəcəyini gözləyir.


