Azərbaycanda "kölgə iqtisadiyyatı": korrupsiya, "paket maaş"...
"Korrupsiyaya qarşı mübarizə hakimiyyətin bu gün əsas fəaliyyət istiqamətlərindən biridir”.
Bunu Toplum.Tv-yə YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 11 keçmiş əməkdaşının cinayət işi üzrə məhkəmə prosesində "paket maaş”, iri məbləğdə rüşvət faktları haqda səsləndirilən ifadələrə münasibət bildirərkən deyib.
"Vaxtında bunları araşdırmaq mümkün deyildimi?" sualına cavabında YAP rəsmisi bildirib ki, hökumət bu məsələyə ciddi yanaşır, lazımi tədbirlər görülür: "Vaxtında xəbər tutulub ki, həmin şəxslər bu gün məhkəmə qarşısında cavab verirlər. Korrupsiyaya qarşı mübarizə hakimiyyətin əsas fəaliyyət istiqamətlərindəndir. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaradılması, ora baş prokurorun müavinlərindən birinin təyin edilməsi bu məsələdə hökümətin çox ciddi mübarizə aparmaq istəyini ortaya qoyur. Eyni zamanda bu məhkəmə prosesi digərlərinə də xəbərdarlıqdır ki, belə halların qarşısı alınsın və baş verdikdə lazımi tədbirlər görülsün. İslahatların aparılması, dövlət qulluğuna və hakimlik peşəsinə test üsulu ilə qəbul, şəffaflığın artırılması mətbuatın fəaliyyəti üzərində hər hansı senzuranın götürülməsi, korrupsiya ilə mübarizə kimi hallar göstərir ki, bu məsələdə də hakimiyyətin iradəsi güclüdür və heç bir halda güzəşt olmayacaq".
Vasif Mövsümov: "Korrupsiyaya qarşı mübarizə o vaxt effektiv olur ki...”
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov ölkədə korrupsiya ilə mübarizəni Toplum Tv-yə şərh edərkən bildirib ki, həm rüşvət verən, həm alan məsuliyyət daşıyır:

"Rusiyada nazir rüşvət aldığına görə həbs edildi, bunun səbəbi də rüşvət verən tərəfin şikayəti oldu. Yəni heç bir tərəf müraciət etmirsə, korrupsiyaya qarşı mübarizədə maraqlı deyilsə, bu fakt gizli qalacaq və bu proses davam edəcək. Korrupsiyaya qarşı mübarizə o vaxt effektiv olur ki, öz problemini həll etmək üçün rüşvət verməsi tələb olunan tərəf dövlət orqanlarını məlumatlandırsın. Belə hallar baş verir, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işçilərinin həbsi bunun nəticəsində baş verdi. Ancaq həbs korrupsiya faktında son nəticədir. Əslində isə korrupsiya üçün şərait aradan qaldırılmalıdır. Onda nə məmur rüşvət ala biləcək, nə də bununla bağlı təklif gələr. Bu şəraiti aradan qaldırmaq üçün bütün fəaliyyətlər şəffaf olmalıdır və ictimaiyyət, KİV-lər məlumatlandırılmalıdır. İctimai nəzarətin artırılması üçün son vaxtlar addımlar atılır, ictimai iştirakçılıq haqqında qanun qəbul olunub. İctimai nəzarətin yaradılması həyata keçərsə, icra oqranlarında bu nəzarət olarsa, rüşvətin qarşısı alına bilər. Vətəndaşlardan da, sahibkarlardan da aktivlik tələb olunur, məmur isə borculudur ki, dövlətin korrupsiyayla mübarizəni dəstəkləsin".
Xalid Bağırov: "Görünən odur ki, Azərbaycanın rəsmi iqtisadiyyatından başqa böyük "kölgə iqtisadiyyatı” da var”.
Hüquqşünas Xalid Bağırov Toplum Tv-yə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işçilərinin rüşvət məsələsini və ölkədə rüşvətlə mübarizənin nə dərəcədə real olması şərh edərkən bunları deyib: "İlk əvvəl qeyd edim ki, bu paket məsələsi uzun müddət bilinən məsələ idi. Sadəcə, indi bu faktlar məhkəmə ifadələrində öz əksini tapıb. Bu məsələ onun göstəricisidir ki, büdcədən qeyri-rəsmi pul dövriyyəsi var. Bunun dövlətə heç bir aidiyyatı yoxdur, ayrı-ayrı vəzifəli şəxslərin pullarıdır. İstənilən pul məbləği, hansı ki dövlət büdcəsinə daxil olmur, onun vasitəsi ilə dövr etmir, birbaşa korrupsiya obyektidir. Buna "kölgə iqdisadiyyatı”da deyirlər. Görünən odur ki, Azərbaycanın rəsmi iqtisadiyyatından başqa böyük "kölgə iqtisadiyyatı” da var. Harada ki, pullar paketlər, rüşvət şəklində dövr edir. Bütün dünyada mənbəyi məlum olmayan bu tip pul dövriyyələri ilə mübarizə aparılır. Adətən, bu pullar cinayətlər nəticəsində əldə olunur və rəsmiləşmir”.
Beynəlxalq səviyyədə bu mübarizənin məqsədinin terrorizminin maliyyəsinin kəsilməsi olduğunu vurğulayan hüquqşünas qeyd edib ki, Azərbaycan da bu pullar müxtəlif yerlərə gedib çata bilər: "Bu pullar PKK-ya da, İŞİD-də də gedib çata bilər, çünki qanunsuz pul dövriyyələrinə heç kim nəzarət edə bilməz. O ki qaldı hökumətin bununla mübarizəsinə, bu gülüncdür. Hökumətin içində belə faktlar aşkar olunanda, edə biləcəyi tək şey istefaya getməkdir. Azərbaycan hökumətinin bu təzahürlərlə mübarizə aparacağına inanmaq mümkün deyil, çünki korrupsiya və "kölgə iqtisadiyyatı”, bu hakimiyyətin mahiyyətidir. Hakimiyyətdən isə öz mahiyyəti ilə mübarizə aparmağı tələb etmək canavardan islahat aparmaq istəmək kimi bir şeydir. Amma canavarın mahiyyəti elə qoyunları yeməkdir”.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 11 keçmiş əməkdaşının cinayət işi üzrə 30 noyabr keçirilmiş növbəti məhkəmə prosesində təqsirləndirilən şəxslərdən "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayev və digərləri ifadə verib. İfadələrdə "paket maaş”, iri məbləğdə rüşvət faktları haqda açıqlamalar verilib.
Bəhruz Səmədov