Azərbaycanın tamblinq komandası üçüncü dəfə dünya çempionu olub
Arxiv foto: Bakıda batut gimnastikası yarışının keçirildiyi zal, Tim Dannenberg, CC BY-SA 4.0, Wikimedia CommonsAzərbaycan Gimnastika Federasiyası bildirir ki, Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu dünya çempionatında Azərbaycan millisi tamblinq üzrə komanda yarışında qızıl medal qazanıb. Komandanın heyətində Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşov çıxış edib.
Təsnifatı birinci yerdə başa vuran Azərbaycan komandası finalda 25 xal toplayıb, Danimarkanı 1, ABŞ-ni isə 5 xal qabaqlayıb. Komanda bu titulu 2023 və 2025-ci illərdən sonra üçüncü dəfə qazanır.
Noyabrın 4-dən 8-dək davam edən çempionatda Azərbaycan gimnastları daha iki gümüş medal qazanıb. Tofiq Əliyev tamblinq üzrə fərdi proqramda 29,700 xalla, Selcan və Maqsud Mahsudovlar isə batut gimnastikasının qarışıq sinxron proqramında 52,010 xalla ikinci olublar.
Selcan Mahsudova çempionatın son günü batut üzrə fərdi finalda 56,580 xal toplayıb altıncı yeri tutub. O, yarımfinalda 56,140 xalla altıncı olaraq Paris-2024 Olimpiya çempionu, britaniyalı Brayoni Peyci altı pillə qabaqlamışdı.
Maqsud Mahsudov kişilərin fərdi proqramında yarımfinalda 37,850 xalla 20-ci yeri tutub. O, Hüseyn Abbasovla kişilərin sinxron proqramında isə ikinci təsnifat mərhələsini 15-ci yerdə başa vurub.
Federasiyanın məlumatına görə, altı qitədən 367 gimnastın qatıldığı yarışda 16 dünya çempionu titulu uğrunda mübarizə gedib.


