Zelenski Rusiyanın Liviyadakı “Merkuri” korvetini Ukrayna dronlarının vurduğunu təsdiqləyib

Foto: Ministry of Defense of Russia, CC BY 4.0, Wikimedia Commons
23-11-2026 11:34

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Hərbi Dəniz Donanmasının “Merkuri” korvetinə Liviya sahilində Ukrayna ordusunun hücum etdiyini təsdiqləyib. Korvet noyabrın 22-nə keçən gecə Bengazi limanında partlayıb yanmışdı.

Zelenskinin sözlərinə görə, gəmini batırmaq üçün Ukraynada istehsal olunmuş yeddi dəniz dronundan istifadə edilib. O, “Merkuri”nin Rusiyanın ən yeni gəmilərindən biri olduğunu, 2023-cü ildə, yəni Ukraynaya qarşı genişmiqyaslı müharibə gedərkən istifadəyə verildiyini xatırladıb. Ukrayna prezidenti əməliyyatı “Rusiyanın müharibəsinə cavab olaraq nümunəvi Ukrayna əməliyyatı” adlandırıb.

Zelenski iddia edir ki, korvetlə birlikdə üzərindəki Ka-27 hərbi helikopteri də məhv edilib. Onun sözlərinə görə, Ukrayna dronlarının digər hədəfi Rusiyanın “Angara” yük gəmisi olub; Zelenski bu gəminin silah daşımaq üçün istifadə edildiyini deyir.

“Associated Press” agentliyi yazır ki, dronlar Liviyanın qərbində, Ukrayna qüvvələrinin nəzarətində olan bazadan buraxılıb. “Əl-Cəzirə” telekanalının məlumatına görə, partlayış nəticəsində rusiyalılar və liviyalılar həlak olub; ölənlərin sayı açıqlanmayıb.

Liviyanın şərqini idarə edən hökumət əvvəlcə Bengazidəki partlayışa dron hücumunun səbəb olduğunu bildirmişdi.

Digər xəbərlər