Kreml Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının tezliklə bərpa olunacağını deyir, Rusiyanın Kiyev vilayətinə zərbələrində ölənlərin sayı 15-ə çatıb
Foto: Presidential Executive Office of Russia, CC BY 4.0, Wikimedia CommonsRusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni raundunun tezliklə keçiriləcəyini bildirib. “Görüş tezliklə keçiriləcək, lakin hələlik tarixi ilə bağlı müəyyənlik yoxdur”, - Peskov deyib.
Kremlin sözçüsünün sözlərinə görə, Moskva növbəti raund üçün yenə Əbu-Dabini nəzərdən keçirir, amma başqa variantlar da mümkündür. Üç tərəf arasında son danışıqlar noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilmişdi.
Peskovun açıqlaması Rusiyanın Kiyev vilayətinə endirdiyi zərbələrdən sonra gəlir. AFP agentliyinin məlumatına görə, gecə saatlarında Kiyev və ətraf bölgələrə endirilən zərbələr nəticəsində azı 15 nəfər ölüb.
Kiyev vilayətinin rəhbəri Timur Tkaçenkonun “Telegram” kanalında yazdığına görə, paytaxtdan təxminən 45 kilometr şimaldakı Dımer qəsəbəsində beşmərtəbəli yaşayış binasının bir hissəsi çöküb, burada azı 11 nəfər həlak olub. Dağıntılar altında axtarış davam edir. Vilayətin Bila Tserkva şəhərində isə yaşayış evinə dəyən zərbə yanğına səbəb olub, bir nəfər ölüb.
Bundan əvvəl ABŞ prezidentinin elçisi Cared Kuşner Rusiyanın Ukraynaya təhlükəsizlik zəmanətlərini müzakirəyə hazır olduğunu “böyük addım” adlandırmışdı.


