Faiq Əmirli həbsdə qaldı
«Azadlıq» qəzetinin yayım direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib. Qapalı keçirilən məhkəmə iclasında F.Əmirli özü də iştirak edib. O, ittihamın saxta olduğunu, ona heç bir aidiyyəti olmadığını söyləyib.
F.Əmirlinin vəkili Aqil Layıcov AzadlıqRadiosuna bildirib ki, qərarı alandan sonra Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ) maddəsinin pozuntusundan Avropa Məhkəməsinə şikayət edəcəklər.
«Bizim onsuz da apellyasiya məhkəməsindən ədalətli, obyektiv qərar çıxarılması ilə bağlı gözləntimiz yox idi. Sadəcə, Avropa Məhkəməsinə müraciət etmək üçün bu instansiyanı keçmək tələb olunur. Gözlədiyimiz kimi də oldu», - A.Layıcov bildirib.
azadlig.org