Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxan Belçika Baş naziri istefa ərizəsi verib
Belçika Baş naziri Bart de Vever kral Filippə istefa ərizəsi verib. Bu barədə Belçika Kral Sarayı məlumat yayıb. De Vever 2025-ci ilin fevralından Baş nazir idi.
Qərarın səbəbi kimi 2027-ci il büdcəsi üzrə danışıqların uğursuzluğu və həftə sonu nazirlərlə görüşlərin nəticə verməməsi göstərilir. Saray ərizəni hələlik qəbul etməyib, hakim koalisiyanın partiya liderləri ilə məsləhətləşmələr aparacaq.
"The Brussels Times" qəzeti yazır ki, kral istefanı qəbul etsə, növbədənkənar seçki keçirilə bilər. Digər variant isə əvvəlki seçkinin nəticələri əsasında yeni seçki olmadan hökumət qurulmasıdır.
Rusiya Mərkəzi Bankının 2022-ci ildə dondurulmuş aktivlərinin əsas hissəsi, təxminən 190 milyard avro Belçikadakı "Euroclear" depozitarisindədir. Avropa İttifaqı bu puldan Ukraynaya "təzminat krediti" üçün istifadə etmək istəyirdi, De Vever isə buna ən fəal etiraz edənlərdən idi. O, maliyyə risklərindən ehtiyat edir, digər ölkələrdən bu riskləri Brüssellə bölüşəcəklərinə dair hüquqi zəmanət istəyirdi.
