Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi: Neft mərkəzi Atırauda hakimiyyəti zorla dəyişməyə hazırlaşan qrupun 10 üzvü saxlanılıb
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi oktyabrın 30-da ölkənin qərbindəki Atırau şəhərində 10 nəfərin saxlanıldığını açıqlayıb. Komitənin iddiasına görə, onlar Qazaxıstanın qərb bölgəsində konstitusiya quruluşunu zorla dəyişməyi hədəfləyən ekstremist qrup yaradıblar.
Saxlanılanlar ekstremist qrup yaratmaqda və ona rəhbərlik etməkdə, onun fəaliyyətində iştirak etməkdə, terrorizmi təbliğ etməkdə və dini ədavəti qızışdırmaqda şübhəli bilinir. Komitə bildirir ki, onların evlərindən odlu silah, narkotik vasitə, dini ləvazimat və ədəbiyyat götürülüb, üç gizli tədris mərkəzinin fəaliyyəti dayandırılıb.
Qurumun məlumatına görə, saxlanılanların bəziləri əvvəllər də, o cümlədən terror cinayətlərinə görə məsuliyyətə cəlb olunub. Komitə istintaqla bağlı başqa təfərrüat vermir.
Atırau Qazaxıstanın Xəzər hövzəsindəki əsas neft mərkəzlərindən biridir. Qazaxıstan neftinin bir hissəsi Xəzər üzərindən Azərbaycana və Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarına çıxarılır.
