Ukrayna ombudsmanı: Rusiya ilə işğal altındakı Oleşkidən neçə nəfərin çıxdığını açıqlamamaq barədə razılaşmışıq
Foto: DvoretskaO, CC BY-SA 4.0, Wikimedia CommonsUkrayna Ali Radasının insan haqları üzrə müvəkkili Dmitro Lubinets noyabrın 2-də Rusiyanın işğal etdiyi Oleşki şəhərindəki humanitar missiyanın yekunu ilə bağlı deyib ki, Rusiya ilə razılaşmaya görə şəhəri tərk edənlərin sayı açıqlanmayacaq.
"Razılaşmalarımız çərçivəsində neçə vətəndaşın Ukraynaya qayıtmağı, neçəsinin Rusiyanın nəzarət etdiyi əraziyə getməyi seçdiyini açıqlamırıq", - Lubinets deyib. Onun sözlərinə görə, bu məsələnin kimin yanına daha çox adamın getdiyi barədə mübahisəyə çevrilməsini istəmir.
Rusiyanın insan haqları üzrə müvəkkili Yana Lantratova isə həmin gün mətbuat konfransında deyib ki, şəhəri tərk edənlərin sayı barədə məlumatı yoxdur, çünki yerində saymaq mümkün olmayıb. Onun sözlərinə görə, 750 nəfərə çıxmaq imkanı yaradılıb və çox avtobus geri boş qayıdıb.
Lubinets "Telegram"da yazıb ki, təxliyə karvanı geri qayıdarkən onun komandası yol kənarında çıxmaq istəyən insanlar görüb və onları da götürüb. Bu, əvvəlcədən razılaşdırılmayıb, amma Lantratova təklifi dəstəkləyib. Rusiya ombudsmanı da yolda başqa şəhərlərdən adamların götürüldüyünü deyib.
Ukrayna ombudsmanının sözlərinə görə, Oleşkidə tətbiq edilən mexanizm humanitar fəlakət yaşanan digər yaşayış məntəqələrindən də ukraynalıların təxliyəsi üçün işlədilə bilər.
