Son dəqiqə:Həbsdəki jurnalist Polad Aslanov 20 günlük aclığı dayandırıb, həyat yoldaşı çəkisinin 41 kiloqrama düşdüyünü deyir - 03-11-2026

Pezeşkian: Ali Rəhbər ABŞ-la danışıqlar üçün hökumətə səlahiyyət verib, amma İran təslim olmayacaq

Foto: Mohsen Ranginkaman, CC BY 4.0, Wikimedia Commons
02-11-2026 18:48

İran Prezidenti Məsud Pezeşkian deyib ki, Ali Rəhbər Müctəba Xamenei ABŞ-la danışıqlar prosesində hökumətə səlahiyyət verib. ISNA agentliyinin yaydığı sözlərinə görə, prezident çətinlikləri danışıqlarla həll etməyə çalışdıqlarını bildirib, amma İranın təslim olmayacağını və qarşı tərəfin "həddi aşan tələbləri və yalanları" qarşısında geri çəkilməyəcəyini vurğulayıb.

Al-Jazeera telekanalı vəziyyətdən xəbərdar diplomata istinadən yazır ki, ABŞ və İsrailin İranla münaqişəsini bitirmək üçün təklif layihəsi tanışlıq üçün ABŞ tərəfinə verilib, növbəti təmaslar müzakirə olunur. Kanalın məlumatına görə, İran nümayəndə heyəti noyabrın 2-də vasitəçi Qətəri tərk edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə həmin gün bildirib ki, böhranın həlli üçün yeganə real təşəbbüs Tehranın BMT Baş Assambleyası zamanı Vaşinqtona təqdim etdiyi Hörmüz boğazının açılması planıdır. Tehranın təklifinə görə, plan icra olunsa, tərəflər münaqişəyə səbəb olan məsələlər üzrə danışıqlara başlaya bilər.

ABŞ Prezidenti Donald Tramp da "New York Post" qəzetinin podkastında İranla danışıqların davam etdiyini deyib: "Onlar danışmaq istəyir və danışmaqda davam edirlər".

Tasnim agentliyinin yazdığına görə, eyni gün Putin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezai ilə telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Tərəflər Rusiya ilə İranın strateji tərəfdaşlığını davam etdirmək lazım olduğunu bildirib.

Digər xəbərlər