The Times: Tramp yenidən hücum etsə, İranın Avropadakı ABŞ bazalarını hədəf ala biləcəyi yazılır
Britaniyanın "The Times" qəzeti yazır ki, ABŞ yeni hərbi əməliyyata başlasa, İran Britaniya, Almaniya, İtaliya və Portuqaliyadakı Amerika hərbi obyektlərini vura bilər. Qəzetin yazdığına görə, İran rəsmiləri sualtı internet kabellərinin də hədəf ola biləcəyini bildiriblər.
"The Times"ın istinad etdiyi Qərb təhlükəsizlik rəsmiləri hesab edir ki, İran raketləri Avropadakı bir çox bazaya çatmaya bilər. Onların fikrincə, Tehran bunun əvəzinə özünə bağlı silahlı qruplardan, cinayətkar şəbəkələrdən və kiberhücumlardan istifadə edə bilər. Bu rəsmilərin sözlərinə görə, ABŞ və İsrail diplomatları, hərbi obyektlər və yəhudi icma mərkəzləri də risk altındadır.
İran parlamentinin deputatı Mənuçöhr Müttəki isə xəbərdarlıq edib ki, ABŞ yenidən zərbə endirsə, münaqişə Avropaya yayıla bilər, çünki İran raketləri bu qitəyə çatmaq gücündədir. O, ərazisində ABŞ bazaları olan Avropa ölkələrinin Tehranın cavabına görə məsuliyyət daşıyacağını deyib.
Qəzetə görə, ABŞ və İsrail mümkün yeni hücumlara hazırlaşır, Vaşinqton regionda raketdən müdafiəni gücləndirir və Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmisini göndərir. Qətər, Türkiyə və Pakistan isə iyunda əldə olunan atəşkəsi bərpa etməyə çalışır.
Tramp həmin axşam jurnalistlərə aralıq seçkilərindən dərhal sonra İrana zərbələri bərpa etməyi planlaşdırmadığını deyib.